RU

Prezidentin tapşırığı ilə…

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Qonşu və dost İran xalqının ehtiyaclarının qarşılanmasına növbəti dəstək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım yola salınıb.

Yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

Tarixi ənənələrə və bugünkü reallıqlara əsaslanan qarşılıqlı münasibətlər

Dünyada ayrı-ayrı dövlətlərin hansısa bir zaman kəsiyində yaxınlaşmaları və yaxud müxtəlif təşkilatlar daxilində müttəfiqlər olduqlarını bəyan etmələri hallarına çox şahidlik etmişik. Lakin zorən müttəfiqlik mümkün deyil. Dövlətlərin müəyyən bir zaman kəsiyində hansısa zərurətlər səbəbindən yaxınlaşmalarının ömrü də qısa olur, süni şəkildə qurulan münasibətlər dağılır, hətta bəzən düşmənçiliklə əvəzlənir. Azərbaycanın və İranın qarşılıqlı münasibətləri isə keçici maraqlardan yaranmayıb. Bunu bir sıra təbii amillər, o cümlədən həm tarixdən gələn ənənələr, həm də bugünkü reallıqlar şərtləndirir.

Hər şeydən əvvəl Azərbaycanla İranın coğrafi bağlılığı var. Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla məhz bu ölkə ilədir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, daşımalarda xərcləri azaldır, vaxtı qısaldır, təhlükəzisliyi təmin edir.

Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının keçdikləri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar verir.

İran həm də o dövlətdir ki, dünya üzrə müstəqil Azərbaycanın hüdudlarından kənarda ən çox azərbaycanlı məhz burada yaşayır. Onlar ta qədimdən İran tarixinin formalaşmasında, bu dövlətin  inkişafında mühüm rol oynayıblar. Bu gün də İranın ictimai-siyasi və mədəni həyatında soydaşlarımızın rolu böyükdür.

Eyni zamanda, son illərdə Azərbaycanla İranın ayrı-ayrı layihələrdə birgə iştirakı kifayət qədər uğurlu olub. İki ölkənin qarşılıqlı əlaqələrində, təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. O cümlədən indiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb.

Ağbənd istiqamətində yeni avtomobil körpüsünün inşası əlaqələrin genişlənməsinə yeni impuls verəcək. Körpünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra onun istismara verilməsi nəzərdə tutulur. Bir qədər bundan Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.

Hazırda Araz çayının cənub sahili boyunca yeni nəqliyyat infrastrukturunun yaradılması layihəsinin icrası intensiv şəkildə davam etdirilir.  Layihəyə uyğun olaraq Azərbaycanın əsas hissəsini İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək. Magistral yolun tikintisini Xatəmul-Ənbiya Qərargahı həyata keçirəcək. İran tərəfindən verilən məlumata əsasən,  yolun tikintisinə sərmayənin 50 faizini qonşu ölkənin Nəqliyyat və Şəhərsalma Nazirliyi, 50 faizini isə özəl sektor yatıracaq.

Bəhs olunan marşrut üzrə həmçinin İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək. Bununla bağlı müvafiq sənədlər imzalanıb.

Azərbaycan biganə qalmır

Hazırda qonşu İran müharibə vəziyyətindədir. Fevralın 28-dən başlayan İran - ABŞ -İsrail müharibəsi bu ölkədə mülki infrastruktura ciddi ziyan vurur, təchizatı çətinləşdirir. Hər zaman humanizm mövqeyindən çıxış edən Azərbaycan dost ölkənin belə vəziyyətinə biganə qalmır. Xatırladaq ki, Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib. Eyni zamanda, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq respublikamızdan qonşu ölkəyə humanitar yardımlar göndərilir. Resspublikamızdan İrana ilk dəfə humanitar yardım martın 10-da yola salınnıb. Göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.

Eyni zamanda, Azərbaycan bir neçə gün bundan əvvəl Rusiyadan gələn humanitar yardımın İrana göndərilməsinə imkan yaradıb. Belə ki, Rusiyanın göndərdiyi humanitar yük Lənkərana çatdırılıb və buradan İranın Qızıl Aypara Cəmiyyətinə təhvil verilərək ünvanına yola salınıb.

Göndərilən budəfəki humanitar yardımın ümumi həcmi 82 ton təşkil edir. Yardıma 76 ton ərzaq və qida məhsulları, 4 ton dərman vasitələri, həmçinin 2 ton tibbi ləvazimatlar daxildir.

Humanitar yük 5 yük avtomobili (TIR) vasitəsilə yola salınıb.

Eyni zamanda, Novruz bayramı ərəfəsi nəzərə alınaraq, yardım karvanına bayram sovqatı və müxtəlif Novruz məhsulları da əlavə edilib.

Növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
96
1
yeniazerbaycan.com

2Источники