RU

Serbiya-Şimali Makedoniya qaz interkonnektorunun tikintisinə bu il başlanacaq

Serbiya-Şimali Makedoniya qaz interkonnektorunun tikintisinə bu il başlanacaq və 2028-ci ilin əvvəlində istifadəyə veriləcək.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Yunanıstanın energetika və ətraf mühit naziri Stavros Papastavrou ilə enerji keçidi prosesində əməkdaşlıq, enerji daşıyıcılarının təchizatının şaxələndirilməsi və Yaxın Şərqdəki müharibənin regionun enerji sektorlarına təsiri barədə müzakirə apararkən deyib.

O qeyd edib ki, hazırda yanacaq qiymətləri ilə bağlı vəziyyət dünyada çox problematikdir:

"Sabah (bu gün -red) növbəti yeddi gün üçün qiymətlərlə bağlı qərar qəbul edəcəyik. Xatırladıram ki, ötən həftə dizelin qiymətini 5 dinar, benzinin qiymətini isə 2 dinar artırmışdıq, ondan əvvəlki həftə isə hər ikisini 3 dinar artırmışdıq. Bu çərçivədə qalmağa çalışacağıq, hətta daha aşağı səviyyəni də sınayacağıq. Birjalara baxdıqda real qiymət 240–250 dinar olardı, lakin buna imkan verməyəcəyik".

Təbii qaz təchizatının şaxələndirilməsi barədə danışan nazir diqqətə çatdırıb ki ki, Serbiya Şimali Makedoniya və Rumıniya ilə iki yeni qaz interkonnektorunun tikintisini planlaşdırır:

"Bununla ildə əlavə 4 milyard kubmetrdən çox qaz təmin ediləcək. Serbiya–Şimali Makedoniya qaz interkonnektorunun tikintisinə bu il başlanacaq və 2028-ci ilin əvvəlində istifadəyə veriləcək. Şimali Makedoniya ilə interkonnektorun planlaşdırılan gücü təxminən 1,5 milyard kubmetr qazdır. Beləliklə, biz müxtəlif mənbələrdən, o cümlədən TANAP qaz kəməri və Yunanıstandakı LNG terminalları vasitəsilə qazın Serbiyaya çatdırılması üçün əlavə marşrut əldə edəcəyik. Məqsəd qaz təchizatı üzrə daha çox alternativə və daha yüksək enerji təhlükəsizliyinə nail olmaqdır".

Nazirlər görüş çərçivəsində Serbiya, Yunanıstan, Şimali Makedoniya və Bolqarıstan arasında enerji sektorunda əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinin vaciblini də vurğulayıblar.

Görüşdə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq da müzakirə olunub.

"Yunanıstan, bizim kimi, uzun müddət kömürdən asılı olub, lakin bu gün elektrik enerjisinin 55 %-ni bərpa olunan mənbələrdən istehsal edir. Məqsədimiz 2030-cu ilə qədər 3,5 giqavat quraşdırılmış gücə və elektrik enerjisi istehsalında 45 % paya çatmaqdır. Bu sektorun inkişafını diqqətlə planlaşdırırıq və təchizatın sabitliyini qorumaq üçün ötürücü şəbəkəyə investisiyalar edirik. Yunanıstanın təcrübəsi bu yolda bizim üçün çox əhəmiyyətlidir", - nazir bildirib.

Onun sözlərinə görə, Serbiya Avropa İttifaqının elektrik enerjisi bazarı ilə inteqrasiya üçün bütün vacib addımları tamamlayıb və hazırda Avropa institutları tərəfindən təsdiqləmə prosesi davam edir:

"Biz üzv ölkə olmadan Aİ-nin elektrik enerjisi bazarına qoşulan ilk ölkə biz olacağıq. Əvvəlcə Macarıstanla əlaqə quracağıq və ümid edirik ki, Aİ təsdiqləmə prosesini tezliklə başa çatdıracaq. Bunun üçün Yunanıstanın dəstəyi vacibdir. Bazarların inteqrasiyası təchizat təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır və regionun ümumi təhlükəsizliyini artırır".

Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou isə söyləyib ki, son aylarda inkişaf etdirdikləri enerji əməkdaşlığı yalnız ikitərəfli deyil, bütövlükdə Cənub-Şərqi Avropa üçün əhəmiyyətlidir və regionun inteqrasiyasına töhfə verir.

Избранный
109
far.az

1Источники