RU

Aberdin rəsmisi: Şəhər Azərbaycan icması ilə fəxr edir

London, 19 mart, AZƏRTAC

Aberdin Şəhər Şurasının Təhsil Komitəsinin sədri və mədəniyyət üzrə məsul şəxs Martin Qreiq Şotlandiyanın Aberdin şəhərində Azərbaycan və digər icmaların birgə təşkilatçılığı ilə keçirilən Novruz festivalı ilə bağlı fikirlərini AZƏRTAC-a açıqlayıb.

O, bildirib ki, Aberdin şəhəri Azərbaycan icması ilə fəxr edir və Novruz festivalı mədəni təcrübələrin paylaşılması və qarşılıqlı dəstək baxımından mühüm imkan yaradıb. Onun sözlərinə görə, Azərbaycan ənənələrini və mədəni fəaliyyətlərini daha yaxından tanımaq böyük məmnunluq doğurub.

Martin Qreiq festival çərçivəsində azərbaycanlı musiqiçilər Səbinə Rakçayeva və Günel Mirzəyevanın çıxışını xüsusi qeyd edərək konserti möhtəşəm adlandırıb. O vurğulayıb ki, ifa tamaşaçıları heyran edib və hər kəs musiqinin yüksək keyfiyyətindən və peşəkarlığından zövq alıb.

O əlavə edib ki, festival çərçivəsində yerli Azərbaycan icmasının təşəbbüsü ilə müxtəlif mədəni tədbirlərin keçirilməsi sevindirici haldır. Bu tədbirlər keramika və tekstil dizaynı, incəsənət və ədəbiyyat vasitəsilə əyləncə, dostluq və öyrənmə mühiti yaradıb. Onun sözlərinə görə, bu cür tədbirlər əməkdaşlıq və birlik ruhunda insanların bir araya gəlməsi üçün dəyərli fürsət yaradır.

Martin Qreiq qeyd edib ki, Aberdin çoxmədəniyyətli şəhərdir və əhalinin təxminən dörddə biri xaricdən gələnlərdir. Onun sözlərinə görə, azərbaycanlıların bu şəhəri öz evi kimi seçməsi sevindirici haldır və onların mövcudluğu bölgənin sosial, mədəni və iqtisadi inkişafına mühüm töhfə verir.

O vurğulayıb ki, gələcəkdə daha çox azərbaycanlının burada yaşaması, işləməsi və təhsil alması arzu olunur. Aberdin multikulturalizm və plüralizmin qeyd olunduğu, mehriban və tolerant şəhər kimi tanınır.

Qeyd edək ki, martın 14-dən 22-dək davam edən Aberdin Novruz Festivalı yazın gəlişini, yenilənmə ruhunu və mədəni müxtəlifliyi qeyd edir. Festival çərçivəsində Azərbaycan icmasının fəal iştirakı ilə, “Buta” Azərbaycan–Şotlandiya Assosiasiyasının rəhbəri Nərgiz Morissonun dəstəyi ilə Azərbaycan mədəniyyəti, musiqisi, incəsənəti və poeziyasını təbliğ edən silsilə tədbirlər təşkil olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
84
1
azertag.az

2Источники