RU

Kadir Ertaç Çelik: Azərbaycan və Türkiyə Avrasiya ticarətinin logistik karkasını formalaşdırır

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan və Türkiyə Cənubi Qafqazda regional təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına töhfə verərək strateji qovşaq formalaşdırır. Birgə infrastruktur və enerji layihələri hər iki ölkənin təsir imkanlarını gücləndirir, sabitlik üçün yeni imkanlar yaradır və onların regional və qlobal səviyyədə geosiyasi əhəmiyyətini artırır.

AZƏRTAC türkiyəli akademik, beynəlxalq münasibətlər, geosiyasət və təhlükəsizlik məsələləri üzrə ekspert Kadir Ertaç Çelik ilə müsahibəni təqdim edir.

— Çelik bəy, regional sabitliyin möhkəmlənməsində Azərbaycan və Türkiyənin strateji rolu nədən ibarətdir?

— Cənubi Qafqaz tarixən böyük dövlətlər arasında güclü rəqabətin müşahidə olunduğu və yüksək geosiyasi həssaslıqla xarakterizə edilən region olub. Soyuq müharibədən sonra isə regionun geostrateji əhəmiyyəti daha da artıb. Bu artım xüsusilə enerji resursları, nəqliyyat dəhlizləri və Avrasiya məkanında qüvvələr balansı baxımından daha aydın görünür. Sovet İttifaqı dağılandan sonra Qafqazın geosiyasi mənzərəsi ciddi dəyişikliklərə məruz qaldı. Regionda yaranan hakimiyyət boşluğu münaqişələrin yaranması üçün əlverişli zəmin formalaşdırdı. Bu vəziyyət xüsusilə Ermənistan və Azərbaycan arasında yaranan ciddi geosiyasi gərginlikdə özünü göstərdi. Son otuz il ərzində davam edən münaqişələr və həll olunmamış mübahisələr regionda qeyri-sabitliyin əsas mənbələrindən biri olaraq qalırdı.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi regionda yeni geosiyasi konfiqurasiyanın formalaşmasına səbəb oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Cənubi Qafqazda yeni regional balans yaratdı. Bundan sonra Azərbaycan Qafqazın geosiyasətində mərkəzi oyunçuya çevrildi. Ölkə həm öz milli maraqlarını müdafiə edir, həm də regionun qlobal geosiyasətində əsas məkanlarından biri kimi öz yerini tutması istiqamətində təşəbbüslər irəli sürür.

Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq regional sabitliyin möhkəmlənməsində həlledici amilə çevrilib. İki ölkə arasında siyasi koordinasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq və iqtisadi inteqrasiya Cənubi Qafqazda daha sabit və proqnozlaşdırıla bilən təhlükəsizlik mühitinin formalaşmasına töhfə verir. Bu kontekstdə Türkiyə ilə Azərbaycan arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda regional nizamın institusional əsaslarının formalaşmasında mühüm geosiyasi qovşaq rolunu oynayır.

— Regional təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri nə dərəcədə mühümdür?

— Türkiyə ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq regional təhlükəsizlik sisteminin əsas komponentlərindən biri kimi qiymətləndirilə bilər. İki ölkə arasında strateji və müdafiə tərəfdaşlığı ilk növbədə regionu destabilizə edə biləcək qüvvələr üçün çəkindirici amil rolunu oynayır.

Bundan əlavə, bu tərəfdaşlıq regionda imperial ambisiyalar güdən xarici aktorlar üçün müəyyən balans yaradır. Eyni zamanda qeyd etmək lazımdır ki, bu əməkdaşlıq yalnız regional təhlükəsizliklə məhdudlaşmır. Qafqazda Türkiyə ilə Azərbaycanın tərəfdaşlığı Xəzər geosiyasəti kontekstində də təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynayır.

— Azərbaycan və Türkiyə birgə infrastruktur və nəqliyyat layihələrini fəal şəkildə inkişaf etdirir. Bu təşəbbüslər hər iki ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini necə artırır?

— Azərbaycan və Türkiyənin həyata keçirdiyi infrastruktur və nəqliyyat layihələri Avrasiya məkanında formalaşmaqda olan iqtisadi geosiyasətin əsas elementlərindən biridir. Şərq ilə Qərb arasında ticarət dəhlizlərinin inkişafı xüsusilə Mərkəzi Asiya, Qafqaz və Avropa arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu prosesdə Azərbaycan və Türkiyə yalnız öz milli iqtisadi maraqlarını irəli aparmır. Onlar eyni zamanda, Avrasiya ticarətinin logistik karkasını formalaşdıran strateji tranzit ölkələrə çevrilirlər. Enerji boru kəmərləri, dəmir yolu şəbəkələri və logistika dəhlizləri kimi layihələr hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, onların geosiyasi mövqelərini də möhkəmləndirir.

İkinci Qarabağ müharibəsindən sonrakı regional geosiyasi kontekstdə Zəngəzur dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihə müxtəlif ölkələrin diqqətini cəlb edir və regionun qlobal iqtisadi sistemdə rolunun artmasına səbəb olur. Beynəlxalq iqtisadi sistemin fəaliyyət prinsipləri nəzərə alındıqda, əsas qlobal ticarət marşrutlarına nəzarət edən dövlətlər yalnız iqtisadi təsir imkanları qazanmır, eyni zamanda daha böyük geosiyasi əhəmiyyət əldə edərək beynəlxalq sistemin əsas oyunçularından birinə çevrilirlər.

Müxbir – Tamilla Məmmədova

Избранный
46
1
azertag.az

2Источники