RU

Dövlət qulluğunda yeni əmək haqqı modeli - Nələr dəyişəcək?

Dövlət qulluğunda əməkhaqqı sistemində aparılan dəyişikliklər ən çox müzakirə olunan mövzulardan biridir. Ekspertlər hesab edir ki, yeni yanaşma həm struktur baxımından sadələşmə, həm də şəffaflığın artırılması baxımından mühüm addım kimi qiymətləndirilə bilər.


“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü, ƏƏSMN yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə Musavat.com-a açıqlamasında bildirib ki, əvvəlki sistemdə əməkhaqqının əhəmiyyətli hissəsi müxtəlif əlavələr şəklində təqdim olunurdu:

”Bu isə maaş strukturunu həm mürəkkəbləşdirir, həm də qeyri-sabit xarakterə salırdı. Yeni modeldə isə həmin əlavələr birbaşa vəzifə maaşına inteqrasiya edilir və nəticədə daha aydın, vahid sistem formalaşır”.

Onun sözlərinə görə, ləğv edilən əlavələrin baza maaşa daxil edilməsi əməkhaqqını daha sabit və proqnozlaşdırılan edir: “Bu yanaşma ümumilikdə sistemin şəffaflığını artırır və ədalətli mexanizmlərin formalaşmasına xidmət edir. Əməkhaqqı komponentlərinin açıq və sistemli şəkildə müəyyənləşdirilməsi dövlət qulluğunda fəaliyyətin səmərəliliyinə də müsbət təsir göstərəcək”.


Ekspert hesab edir ki, əvvəlki qaydalar xüsusilə gənc və yeni işə qəbul olunan əməkdaşlar üçün əlverişli deyildi: “Çünki onların gəlirləri əsasən aşağı səviyyədə formalaşırdı. Yeni model bu problemi aradan qaldıraraq gənc və peşəkar kadrların dövlət qulluğuna marağını artıracaq”.


Bununla yanaşı, yeni əməkhaqqı sisteminin dövlət qulluğunda rəqabət qabiliyyətini də yüksəldəcəyi vurğulanır. Aslan Əzimzadə qeyd edir ki, müasir əmək bazarında özəl sektorun daha cəlbedici maaş imkanları fonunda dövlət sektorunun geri qalmaması vacibdir: “Bu dəyişikliklər insan kapitalının daha effektiv idarə olunmasına şərait yaradacaq”.

Onun fikrincə, islahatların digər mühüm tərəfi sosial təminatın gücləndirilməsidir:

“Əməkhaqqının sabit olması dövlət qulluqçularının rifahına müsbət təsir edəcək, sosial dayanıqlılığı artıracaq”.


Ekspert beynəlxalq təcrübəyə də diqqət çəkib. O bildirib ki, bir çox Avropa ölkələrində əməkhaqqı sisteminin sadələşdirilməsi və vahid strukturun tətbiqi dövlət idarəçiliyinin səmərəliliyini artırıb:

”Eyni yanaşmanın Şərqi Avropa ölkələrində, eləcə də Sinqapur və Honkonq kimi inkişaf etmiş idarəetmə modellərində də tətbiq olunur. Bu ölkələrdə dövlət qulluqçularının maaşlarının rəqabət qabiliyyətli səviyyəyə çatdırılması nəticəsində həm cəlbedicilik artır, həm də qeyri-şəffaf davranış riskləri azalır”.

Qeyd edək ki, yeni dəyişikliklərə əsasən dövlət qulluğunda mükafat sistemi, staja və vəzifə səlahiyyətlərinə görə verilən əlavələr, eləcə də müalicə müavinətləri ləğv edilir. Həmin ödənişlər artıq vəzifə maaşının baza hissəsinə daxil edilir.

Sadə dillə ifadə etsək, əvvəlki dövrdə mövcud olan çoxsaylı əlavə və mükafat mexanizmləri aradan qaldırılaraq onların vahid maaş sistemində birləşdirilməsi təmin olunur. Bu isə beynəlxalq təcrübəyə uyğun, daha şəffaf və nəticəyönümlü əməkhaqqı modelinin formalaşdırılması deməkdir.


Şahanə Rəhimli
Musavat.com

Избранный
34
50
musavat.com

10Источники