RU

Fitrə zəkatının məbləği ilə bağlı NARAZILIQ

Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Allahşükür Paşazadə tərəfindən bayram təbrikində fitrə zəkatı ilə bağlı qeyd olunan məqamlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Təbrik mətnində bildirilir ki, orucun əsas əməllərindən biri sayılan fitrə zəkatı Ramazan ayının son günü bayram axşamı şam namazından sonra çıxarılmalıdır. 

Qazılar Şurasının fətvasına əsasən isə imkanı olan hər bir şəxs üçün adambaşına 10–15 manat məbləğində fitrə zəkatının verilməsi tövsiyə olunur. 

Şəriətə görə “canın sədəqəsi” hesab edilən fitrə zəkatının məqsədi imkanı olan müsəlmanın ailə üzvlərinin hər biri üçün bu öhdəliyi yerinə yetirməsi və ehtiyacı olan ailələrə dəstək göstərməsidir.

Lakin fitrə zəkatı üçün konkret məbləğin rəqəmlə ifadə olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi insanlar bu rəqəmi məcburiyyət kimi qəbul edərək öz imkanları ilə uyğunluq baxımından tərəddüd yaşayır, hətta “verə bilmərəm” düşüncəsinə qapıldığını bildirir.

Əgər fitrə zəkatı buğda, düyü, arpa ilə hesablanırsa, hazırkı bazar qiymətlərinə uyğun məbləğ həqiqətən 10–15 manat edirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, fitrə zəkatı ilə bağlı konkret rəqəmlərin elan olunması düzgün deyil:

“Fitrə kimi məsələlərdə məbləğin konkret və standart rəqəmlərlə açıqlanması İslam hüququna tamamilə ziddir. İslamın mahiyyəti, xüsusilə fitrə zəkatı kimi ibadətlərdə sosial bərabərliyi qorumaqdır.

Standart rəqəmlərin elan olunması zamanı insanların sosial durumunun nəzərə alınmaması əksinə, sosial bərabərsizliyi daha da artıra və cəmiyyətdə ziddiyyətlər yarada bilər. Ramazan ayının sonunda fitrə verə bilməyən insanlarda narahatlıq yaranır.

Hər il fitrə ilə bağlı fətva verilməsi də doğru yanaşma deyil. Fətva, İslam hüququnda Qurani-Kərimdə və klassik mənbələrdə birbaşa hökmü olmayan, zamanla ortaya çıxmış yeni məsələlərlə bağlı verilir. 

Fitrə zəkatı isə uzun illərdir mövcud olan, kateqoriyaları və kimlərə verilməli olduğu müəyyənləşdirilmiş bir ibadətdir. Buna görə də bu mövzuda yeni fətva verməkdən çox, mövcud qaydaların düzgün izahına ehtiyac var”.

Onun sözlərinə görə, fətva dini hökm çıxarmaq deməkdir:

“Bu baxımdan, fitrə zəkatının hökmü dəyişdirilmədiyi halda “fətva verildi” kimi təqdimatlar düzgün deyil. Fitrə zamanı məhsulların kateqoriyalara bölünməsi məhz insanların imkanlarına uyğun seçim edə bilməsi üçündür. 

Məsələn, arpa və buğda kimi məhsulların kiloqram qiyməti daha aşağıdır, buna uyğun olaraq imkanı məhdud olanlar bu kateqoriyadan fitrə verə bilərlər. İmkanlı şəxslər isə daha dəyərli məhsullarla, məsələn, xurma kimi seçimlərlə fitrə verə bilirlər.

Yəni təsnifat ona görə aparılır ki, hər kəs öz imkanına uyğun şəkildə fitrə zəkatını yerinə yetirsin. Standartlaşdırılmış konkret rəqəmlərin müəyyən olunması ədalət prinsipinə uyğun gəlməməklə yanaşı, ibadətin mahiyyətinə də uyğun deyil.

Fitrə zəkatı üçün istifadə olunan məhsullar müxtəlifdir: 

arpa, buğda, düyü, lobya, qarabaşaq və s. Hər birinin qiyməti fərqlidir və bu da müxtəlif sosial qruplar üçün fərqli imkanlar nəzərdə tutur.

Əsas məqsəd Allahın hökmünün əhaliyə düzgün və aydın şəkildə çatdırılmasıdır. Hər il yeni yanaşmalarla camaatı ziddiyyətə salmaq əvəzinə, məsələnin mahiyyəti izah olunmalı və insanlar narahat edilməməlidir.

Əgər bir şəxsin maddi imkanı hətta ən aşağı həddə, məsələn, arpa dəyərində belə fitrə verməyə çatmırsa, o artıq fəqir sayılır və ondan fitrə zəkatı tələb olunmur. Bu şəxslər bu mövzuda narahatlıq keçirməməlidirlər”.

İlahiyyatçı qeyd edib ki, dini göstərişlər nümayiş və ya yarış vasitəsi deyil:

“Hər kəs öz sosial və maddi vəziyyətinə uyğun şəkildə fitrə zəkatını yerinə yetirməlidir. Konkret rəqəmlərin açıqlanması isə bəzən ibadəti rəqabət və ya formal göstərişə çevirə bilər ki, bu da məqsədəuyğun deyil.

Bu məsələdə əsas olan rəqəmlər deyil, düzgün izah və maarifləndirmədir. Ümumilikdə, fitrə zəkatı ilə bağlı yanaşma daha çox izah, maarifləndirmə və sosial ədalət prinsiplərinə əsaslanmalı, cəmiyyətdə əlavə narahatlıq və ziddiyyət yaratmamalıdır”.

Избранный
72
cebheinfo.az

1Источники