RU

Qayıdış prosesi mərhələli və planlı həyata keçirilir - Elçin Yusubov

Yazını böyüt
Yazını kiçilt

Məqsəd Xankəndi, Ağdərə və Xocalı rayonlarını sosial-iqtisadi inkişaf mərkəzinə çevirməkdir"

Torpaqlarımızın işğaldan azad olunmasından sonra bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri artıq yeni mərhələyə qədəm qoyub. Azad edilmiş ərazilərdə infrastrukturun qurulması, sosial-iqtisadi həyatın dirçəldilməsi və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində ardıcıl atılan addımlar davam edir. Bəs, Xankəndi, Ağdərə və Xocalı ərazilərində gedən bu proses hansı istiqamətlər üzrə diqqət çəkir?

Hafta.az-ın müsahibi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovdur:

- Xankəndi, Ağdərə və Xocalı rayonları işğaldan azad edildikdən sonra, burada formalaşdırılan yeni inkişaf konsepsiyasının əsas prioritetləri nədən ibarətdir?

- Öncə qeyd olunmalıdır ki, işğaldan azad edilmiş ərazilərin inkişaf konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji hədəflər və göstərişlərə uyğun olaraq icra edilir. Bu ərazilərdə həyata keçirilən dövlət siyasətinin əsas məqsədi bölgənin təhlükəsiz, müasir və dayanıqlı yaşayış məkanına çevrilməsidir. Bu baxımdan, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə formalaşdırılan inkişaf konsepsiyasının əsas prioritetləri ilk növbədə infrastrukturun tam bərpası, müasir şəhərsalma prinsipləri əsasında yaşayış məntəqələrinin yenidən qurulması, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi və dayanıqlı iqtisadi fəaliyyət mühitinin yaradılmasıdır.

Bununla yanaşı, regionun sosial-iqtisadi potensialının reallaşdırılması, müasir idarəetmə və xidmət sistemlərinin tətbiqi, ekoloji tarazlığın qorunması və tarixi-mədəni irsin bərpası da inkişaf konsepsiyasının mühüm istiqamətlərini təşkil edir.

- Hazırda bu ərazilərdə hansı əsas infrastruktur layihələri icra olunur? Xüsusilə yol, enerji, su və rabitə xətlərinin bərpası hansı mərhələdədir?

- Hazırda regionda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas diqqət yol-nəqliyyat infrastrukturu, enerji təminatı, su təchizatı və rabitə xətlərinin yenidən qurulmasına yönəldilib.

Yol infrastrukturu istiqamətində Xankəndi şəhərini və ətraf yaşayış məntəqələrini digər rayonlarla birləşdirən magistral və yerli yolların tikintisi və yenidən qurulması həyata keçirilir. Enerji təminatı sahəsində yeni elektrik yarımstansiyaları inşa olunur, mövcud enerji xətləri yenilənir və regionun dayanıqlı enerji təminatı üçün müasir şəbəkə formalaşdırılır.

Eyni zamanda, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, su anbarları və təmizləyici qurğuların yaradılması istiqamətində işlər davam edir. Bu layihələrin əksəriyyəti artıq icra mərhələsindədir və mərhələli şəkildə tamamlanır.

- Dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulmasında hansı şəhərsalma modeli tətbiq edilir? “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası bu bölgələrdə də nəzərdə tutulurmu?

- Sözügedən ərazilərin bir hissəsində mövcud şəhər və yaşayış infrastrukturu olduğu üçün yenidənqurma prosesində yanaşma tamamilə sıfırdan qurulan yaşayış məntəqələrindən müəyyən qədər fərqlənir. Bu baxımdan əsas məqsəd mövcud şəhərsalma strukturunu təkmilləşdirməklə onu müasir tələblərə uyğun şəkildə yeniləmək və funksionallığını artırmaqdır.

Bununla belə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tam şəkildə sıfırdan tətbiqi hər yerdə mümkün olmasa da, həmin modelin əsas komponentlərinin mərhələli şəkildə inteqrasiyasına xüsusi diqqət yetirilir. Bu çərçivədə müasir kommunal xidmətlərin təşkili, enerji səmərəliliyi, ağıllı işıqlandırma, təhlükəsizlik və monitorinq sistemləri kimi elementlərin tətbiqi nəzərdə tutulur.

Beləliklə, məqsəd yaşayış məntəqələrinin bərpası prosesində onları müasir texnoloji həllərlə zənginləşdirərək daha rahat, təhlükəsiz və səmərəli yaşayış mühitinə çevirməkdir.

- Məcburi köçkünlərin qayıdışı cəmiyyət üçün ən həssas məsələlərdəndir. Qayıdış prosesi hansı mərhələlərlə həyata keçiriləcək və yeni mənzillərin bölgüsü hansı prinsiplərə əsaslanacaq?

- Məcburi köçkünlərin qayıdış prosesi mərhələli və planlı şəkildə həyata keçirilir. İlk mərhələdə yaşayış məntəqələrinin təhlükəsizliyi təmin olunur, infrastruktur bərpa edilir və yaşayış üçün zəruri sosial obyektlər yaradılır.

Növbəti mərhələdə yaşayış evlərinin təmir-bərpası başa çatdırılır və ailələrin mərhələli şəkildə köçürülməsi həyata keçirilir. Mənzillərin və fərdi evlərin bölgüsü şəffaf və sosial ədalət prinsiplərinə əsaslanır. Bu prosesdə vətəndaşların əvvəlki yaşayış yerləri, ailə tərkibi və digər sosial amillər nəzərə alınır.

Əsas məqsəd qayıdan vətəndaşların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin edilməsidir.

- Qayıdan vətəndaşların məşğulluq məsələsi necə həll olunur? Regionda hansı iqtisadi fəaliyyət sahələrinin inkişafı planlaşdırılır?

- Regionda iqtisadi həyatın canlandırılması qayıdış prosesinin əsas elementlərindən biridir. Bu məqsədlə müxtəlif iqtisadi fəaliyyət sahələrinin inkişafı istiqamətində işlər aparılır və müsbət nəticələr əldə edilməkdədir. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ümumilikdə 600-dən çox qeyri-yaşayış obyekti sahibkarların istifadəsinə verilmiş, nəticədə 4 minə yaxın iş yeri yaradılmışdır. Bundan başqa dövlət sektoru üzrə də minlərlə iş yeri yaradılmışdır. Beləliklə, hər iki sektor qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.

Eyni zamanda, müvafiq dövlət qurumlarının iştirakı ilə qayıdan vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstək tədbirləri həyata keçirilir. Həmçinin bir sıra yaşayış məntəqələri üzrə əkin məqsədilə torpaq sahələrinin  sakinlərə paylanılması prosesinə də başlanılmışdır. Bununla da kənd təsərrüfatı, emal sənayesi, turizm, xidmət sektoru və kiçik sahibkarlıq istiqamətləri regionun iqtisadi inkişafında əsas rol oynayacaq. Dövlət tərəfindən sahibkarlığın təşviqi üçün vergi və maliyyə stimulları tətbiq olunur, investisiya layihələri dəstəklənir və yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Beləliklə, qayıdan vətəndaşların yalnız yaşayış şəraiti deyil, həm də sabit məşğulluğu təmin edilir.

- Sosial infrastruktur - məktəb, bağça, tibb müəssisələri - hazırda hansı vəziyyətdədir?  İlk köç edən ailələr üçün sosial təminat necə təşkil olunur?

- Sosial infrastrukturun vəziyyətinə gəldikdə qeyd etmək lazımdır ki, işğal dövründə bu ərazilərdə yerləşən məktəblər, uşaq bağçaları, tibb müəssisələri və digər sosial obyektlərin böyük əksəriyyəti ciddi şəkildə dağıdılıb və ya uzun illər baxımsız qaldığı üçün yararsız vəziyyətə düşüb. Bu səbəbdən hazırda həmin sahədə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.

İlkin mərhələdə köç edən ailələrin sosial təminatı üçün də müvafiq tədbirlər həyata keçirilir. Dövlət tərəfindən həyata keçirilən bərpa və quruculuq proqramları çərçivəsində yeni məktəblər, uşaq bağçaları, tibb məntəqələri və digər sosial obyektlər tikilir, mövcud obyektlərin isə əsaslı təmiri həyata keçirilir. Bu çərçivədə təhsil və səhiyyə xidmətləri təşkil edilir, sosial xidmətlər göstərilir, həmçinin gündəlik həyat üçün zəruri olan digər ictimai xidmətlər mərhələli şəkildə istifadəyə verilir. Məqsəd qayıdan əhalinin təhsil, səhiyyə və digər sosial xidmətlərə rahat çıxışını təmin etməkdir.

Bu baxımdan, cənab Prezidentin müvafiq Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Universitetin fəaliyyətə başlaması yalnız təhsil imkanlarının genişlənməsi deyil, eyni zamanda regionun sosial-iqtisadi inkişafına, insan kapitalının formalaşmasına və gənclərin həmin ərazilərdə məskunlaşmasının stimullaşdırılmasına mühüm töhfə verir. Artıq minlərlə tələbənin təhsil aldığı Qarabağ Universiteti gələcəkdə innovasiya mühitinin formalaşmasına, ixtisaslı kadrların hazırlanmasına, ümumilikdə isə ərazilərin dayanıqlı məskunlşamasına və inkişafına xidmət edən əsas mərkəzlərdən birinə çevriləcəkdir.

- İşğaldansonrakı dövrdə bu ərazilərin memarlıq siması və ümumi panoraması tamamilə yenilənir. Yeni şəhər və kəndlərin konseptual baxımdan fərqləndirici xüsusiyyətləri nələr olacaq?

- Yeni yaşayış məntəqələrinin memarlıq konsepsiyası müasir şəhərsalma prinsipləri ilə milli memarlıq elementlərinin vəhdətinə əsaslanır. Bu yanaşma həm estetik baxımdan cəlbedici, həm də funksional yaşayış mühiti yaratmağa imkan verir.

Bununla yanaşı, regionda inşa edilən iri ictimai və təhsil obyektləri də yeni memarlıq simasının formalaşmasında mühüm rol oynayır. Məsələn, Qarabağ Universitetinin yeni inşa edilən tədris korpusları müasir memarlıq yanaşmalarına uyğun olaraq layihələndirilir – geniş və funksional planlama, açıq və şəffaf məkan həlləri, müasir fasad dizaynı və innovativ tikinti materiallarının istifadəsi ilə seçilir. Eyni zamanda, regionda yaradılan  konqres və ictimai tədbir məkanları, hotellər, inzibati binalar və digər tikinti və bərpa layihələri  müasir memarlıq üslubunun nümunəsi kimi çıxış edir.

Bu tip obyektlərdə geniş çoxfunksiyalı zallar, yüksək texnoloji təchizat, transformasiya oluna bilən məkan həlləri və müasir dizayn elementləri tətbiq olunur ki, bu da ərazilərin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsinə imkan yaradır.

Yaşıl zonaların genişləndirilməsi, ekoloji cəhətdən təmiz tikinti materiallarının istifadəsi, ictimai məkanların yaradılması və rahat nəqliyyat infrastrukturu yeni şəhər və kəndlərin əsas xüsusiyyətlərindən olacaq. Məqsəd müasir standartlara cavab verən, eyni zamanda bölgənin tarixi və mədəni kimliyini qoruyan yaşayış mühiti yaratmaqdır.

- Tarixi və mədəni abidələrin bərpası istiqamətində hansı layihələr həyata keçirilir?

- İşğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi və mədəni abidələrin bərpası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə müvafiq inventarlaşdırma və qiymətləndirmə işləri aparılıb və bərpa proqramları hazırlanıb.

Məscidlər, tarixi tikililər, qəbiristanlıqlar və digər mədəni irs nümunələrinin bərpası istiqamətində layihələr icra olunur. Məqsəd bu abidələrin qorunması və gələcək nəsillərə çatdırılması ilə yanaşı, regionun mədəni və turizm potensialının inkişafına da töhfə verməkdir.

- Təhlükəsizlik məsələsi də vacibdir. Əhalinin təhlükəsiz və davamlı şəkildə yaşaması üçün hansı tədbirlər görülür?

- Əhalinin təhlükəsiz yaşayışı üçün kompleks tədbirlər həyata keçirilir. İlk növbədə, mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində genişmiqyaslı əməliyyatlar aparılır.

Bununla yanaşı, hüquq-mühafizə və digər dövlət qurumlarının fəaliyyəti təmin edilir, ictimai təhlükəsizlik sistemi formalaşdırılır və müasir monitorinq və nəzarət mexanizmləri tətbiq olunur. Məqsəd regionda təhlükəsiz və sabit həyat mühiti yaratmaqdır.

- Son olaraq, qarşıdakı 3–5 il üçün əsas hədəflər nədən ibarətdir? Bu bölgələrin yaxın perspektivdə necə bir sosial-iqtisadi mərkəzə çevrilməsi planlaşdırılır?

- Yaxın perspektiv üçün əsas hədəflər regionda bərpa və quruculuq işlərinin daha da genişləndirilməsi, məcburi köçkünlərin qayıdışının sürətləndirilməsi və dayanıqlı iqtisadi inkişafın təmin edilməsidir.

Eyni zamanda, regionun sənaye, kənd təsərrüfatı və turizm potensialının reallaşdırılması, müasir sosial və nəqliyyat infrastrukturu ilə təmin olunması və yeni investisiya layihələrinin cəlb edilməsi planlaşdırılır.

Nəticə etibarilə məqsəd Xankəndi, Ağdərə və Xocalı rayonlarını yaxın illərdə yalnız bərpa olunmuş ərazilər kimi deyil, həm də regionun mühüm sosial-iqtisadi inkişaf mərkəzlərindən birinə çevirməkdir.

Tahirə Qafarlı

Избранный
60
hafta.az

1Источники