RU

Kamran Bayramov: Yeni əməkhaqqı modeli dövlət idarəçiliyində KEYFİYYƏT DƏYİŞİKLİYİNƏ YOL AÇIR - RƏY

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların ardıcıl və sistemli şəkildə davam etdirildiyini göstərir. Bu hüquqi qərarlar dövlət qulluğunda əməkhaqqı sisteminin müasir çağırışlara uyğunlaşdırılmasına, onun daha təkmil və vahid struktur əsasında yenidən formalaşdırılmasına geniş imkanlar yaradır. Həyata keçirilən islahatların əsas strateji məqsədi optimal, balanslı və səmərəli idarəetmə modelinə keçidi sürətləndirməkdir. Yeni yanaşma dövlət qulluqçularının əməkhaqqı sisteminin daha şəffaf, aydın və əlçatan prinsiplər əsasında formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşma əməkhaqqı bölgüsündə ədalətlilik meyarlarını gücləndirməklə yanaşı, hər bir əməkdaşın xidməti fəaliyyətini konkret nəticələr əsasında qiymətləndirməyə şərait yaradır.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, həyata keçirilən islahatların ən mühüm yeniliklərindən biri əməkhaqqının vahid strukturunun müəyyənləşdirilməsidir. Belə ki, əvvəllər müxtəlif əlavələr formasında ödənilən məbləğlərin vəzifə maaşının tərkibinə daxil edilməsi sistemi daha aydın, sabit və ədalətli edir. Bu vahid yanaşma sayəsində bəzi hallarda müşahidə olunan maaş disproporsiyaları aradan qalxır, dövlət qulluqçuları üçün bərabər imkanlar və daha stabil gəlir sistemi formalaşır. Dövlət qulluqçularının əməkhaqqının proqnozlaşdırılan xarakter daşıması onların sosial müdafiəsini gücləndirməklə yanaşı, dövlət qulluğunun nüfuzunu artırır və kadr potensialının daha səmərəli idarə olunmasına zəmin yaradır. Bu strateji addım dövlət idarəçiliyində ədalətlilik prinsipinin qorunması və idarəetmənin müasir çağırışlara uyğun çevikliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Deputat diqqətə çatdırıb ki, dövlət qulluğunda həyata keçirilən yeni islahat tədbirləri sabit və rəqabətqabiliyyətli əməkhaqqı sistemini formalaşdırmaqla, bu sahənin əmək bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Əvvəlki modeldə əməkhaqqının böyük bir hissəsi müxtəlif əlavələrdən ibarət olduğu üçün dövlət qulluğuna yeni qəbul olunan gənc əməkdaşların məvacibi nisbətən aşağı olurdu. Bu isə özəl sektorun təqdim etdiyi cəlbedici sosial təminat imkanları fonunda müasir əmək bazarının tələbləri ilə tam uyğunlaşmırdı. Məhz bu amillər nəzərə alınaraq tətbiq edilən yeni əməkhaqqı modeli dövlət qulluğuna yüksəkixtisaslı mütəxəssislərin, habelə istedadlı və peşəkar gənc kadrların cəlb olunmasını birbaşa stimullaşdırır. Beləliklə, dövlət qulluğu sahəsində yeni modelə keçid həm kadr potensialının keyfiyyətcə yüksəlməsinə, həm də dövlət qulluqçularının sosial müdafiəsinin daha etibarlı şəkildə gücləndirilməsinə xidmət edir. Bu strateji yanaşma dövlət aparatının gələcək inkişafı üçün peşəkar və motivasiyalı bir komandanın formalaşmasını şərtləndirən əsas amildir.

K.Bayramov əlavə edib ki, yeni əməkhaqqı sisteminə keçid dövlət qulluğunun əmək bazarında rəqabət qabiliyyətini artırır, gənc və peşəkar kadrlar üçün bu sahəni daha cəlbedici edir. Beləliklə, şəffaf mexanizmlər və nəticəyönümlü fəaliyyət prinsipləri əsasında formalaşdırılan bu sistem həm dövlət qulluqçularının rifahının yüksəldilməsinə, həm də dövlət idarəçiliyində səmərəliliyin artırılmasına xidmət edir. Həyata keçirilən islahatların uğurlu icrası Azərbaycanın dinamik inkişaf tempinə uyğun müasir, peşəkar və vətəndaşyönümlü idarəetmə modelinin formalaşmasına və gələcək uğurlarının təmin olunmasına mühüm zəmin yaradır.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Избранный
69
50
ikisahil.az

10Источники