RU

Naxçıvana dron hücumu: İran “şübhəli hadisə” deyir, Bakı isə araşdırmanın nəticəsini gözləyir  

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu müsahibəsində martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu ilə bağlı danışarkən bildirib ki, bu, çox şübhəli hadisədir. Onun sözlərinə görə, İran zərbə endirdiyi yerləri hər zaman açıq şəkildə elan edir.

Diplomat qeyd edib ki, İran rəsmi şəkildə elan edib ki, bu dron İran tərəfindən atılmayıb. “Prezidentlərin telefon danışığı zamanı qərar verildi ki, bu məsələ araşdırılsın və aydınlıq gətirilsin. Prezidentlərin qərarı əsasında iki tərəf bu istiqamətdə iş aparıb, informasiya mübadiləsi edirlər. Eyni zamanda İran tərəfi ortaq qrupun təşkilini təklif edib və öz nümayəndələrini də təyin edib. Biz qrupun müştərək iş aparmasını razılaşdırmışıq. Hərbi mütəxəssislər dron hadisəsini araşdırıb aydınlaşdıracaqlar”, deyə səfir vurğulayıb. (yenisabah)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ər-Riyadda XİN başçılarının məsləhət görüşündə bu məsələyə diqqət çəkərək bildirib ki, Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir.

C.Bayramov qeyd edib ki, Azərbaycan hadisəyə operativ və qətiyyətli reaksiya verib, öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqliyini təsdiqləyib. “Azərbaycan İran tərəfinin hadisənin hərtərəfli araşdırılmasına dair verdiyi zəmanətləri yerinə yetirəcəyini və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini gözləyir”, deyə nazir bildirib.

Mətin

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, Naxçıvana dron hücumundan sonra Azərbaycanın əsas tələbi İranın qısa müddətdə hadisənin səbəbləri ilə bağlı araşdırma apararaq rəsmi məlumat təqdim etməsidir. Onun sözlərinə görə, bu məsələ həm Prezident səviyyəsində, həm də Xarici İşlər Nazirliyi səviyyəsində dəfələrlə qaldırılıb:

“Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında, eləcə də XİN başçısı Ceyhun Bayramovun iranlı həmkarı ilə müzakirələrində bu məsələ xüsusi vurğulanıb. Azərbaycan qısa müddətdə araşdırmanın yekunlaşdırılmasını istəyir, lakin hələlik İran tərəfi gözləntiləri doğrultmur. Əslində, Naxçıvana hücum faktının araşdırılması bu qədər uzun çəkməməlidir. Yaxın günlərdə geniş nəticələrin təqdim olunacağını gözləmirəm. Azərbaycan qonşu ölkələrlə münasibətlərin pisləşməsini istəmir. Biz bunu İran ətrafında vəziyyət gərginləşdikdən sonra dəfələrlə nümayiş etdirmişik. Tələbimiz beynəlxalq hüququn normalarına tam uyğundur: Azərbaycan ərazisi hücuma məruz qalıb və hücum İran ərazisindən həyata keçirilibsə, səbəblər araşdırılıb ortaya çıxarılmalıdır”.

Xatırladaq ki, martın 5-də İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində günorta radələrində dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hücum nəticəsində dörd mülki şəxs yaralanıb.

Nigar Həsənli
Musavat.com

Избранный
33
1
musavat.com

2Источники