ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qusar, 19 mart, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: macəra, qar və unudulmaz istirahət ünvanı - Şahdağ.
Azərbaycanın şimalında yerləşən Şahdağ Turizm Mərkəzi Qusar rayonundan 29 kilometr aralıda yerləşir. Bu möhtəşəm məkan adını dəniz səviyyəsindən 4243 metr yüksəklikdə ucalan əzəmətli Şahdağ zirvəsindən götürür. Böyük Qafqaz dağ silsiləsinin bir hissəsi olan bu zirvə ətrafdakı təbiətə xüsusi gözəllik və əzəmət qatır.
Şahdağ xizək həvəskarları üçün ideal qış məkanlarından biridir. Kompleks saatda 25 min xizəkçini qəbul edə bilir. Ümumi uzunluğu 45 kilometr olan ərazidə yerləşən 37 xizək yamacı həm yeni başlayanlar, həm də peşəkarlar üçün uyğunlaşdırılıb. 20 müasir qaldırıcı lift isə yamaclara sürətli və rahat çıxışı təmin edir, qonaqlara Qafqaz dağlarının möhtəşəm mənzərəsini seyr etmək imkanı yaradır.
Turizm mərkəzi yalnız xizəksürmə ilə məhdudlaşmır. Buraya səfər etsəniz, çoxsaylı maraqlı və adrenalini artıran fəaliyyətlərdən yararlanaraq istirahətinizi daha rəngarəng edə bilərsiniz. Kompleksdə xizəksürmə ilə yanaşı, uşaqlar üçün kirşə zonaları, polaris turları, qar üzərində peyntbol, qarda tubing, yolsuzluq turları və dağ ekspedisiyaları təşkil olunur. Macəra sevənlər üçün kvadrosikl turları, qar sıxıcı maşında və avtoxizəkdə gəzinti, həmçinin at üzərində dağ yollarında səyahət kimi fəaliyyətlər də təqdim edilir. Burada atıcılıq və oxatma meydançaları, buz meydançası, katapult və kanatla gəzinti kimi əyləncə məkanları da var.
Piyadalar üçün nəzərdə tutulmuş kanat yolları vasitəsilə yüksəkliklərə qalxaraq Böyük Qafqazın möhtəşəm mənzərəsini seyr edə bilərsiniz. Bu səyahət sizi həm də “2351” adlı Azərbaycanın ən yüksək restoranına aparır. Burada həm istirahət edə, həm də qarlı dağ zirvələrinin fonunda unudulmaz anlar yaşaya bilərsiniz.
Adrenalin sevənlər üçün isə “Shahdag Coaster” attraksionu xüsusi maraq doğurur. Uzunluğu 2590 metr olan bu marşrutun 1670 metri eniş, 920 metri isə qalxma zolaqlarından ibarətdir. Maksimal sürəti saatda 42 kilometrə çatan kirşələr 9 kəskin döngədən keçərək səyahəti daha həyəcanlı və yaddaqalan edir.
Bir sözlə, Şahdağa səfər etsəniz, qarın, dağların və adrenalinin bir araya gəldiyi fərqli bir istirahət təcrübəsi yaşayacaqsınız. Böyük Qafqazın əzəmətli mənzərəsi fonunda keçirdiyiniz hər an yaddaşınızda uzun müddət silinməyən xoş xatirələrə çevriləcək.
Müxbir - Rəşad Türkoğlu































Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.