RU

İsrail Xəzər dənizindəki gəmiləri niyə vurdu? - TƏHLİL (VİDEO)

Xəzər dənizi uzun illər nisbətən sakit zona hesab olunub. Burada əsasən sahilyanı ölkələr – İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan fəaliyyət göstərir və üçüncü tərəflərin hərbi iştirakı faktiki olaraq yoxdur.

Lakin ötən gecə İsrail Müdafiə Qüvvələri Xəzər dənizində İran donanmasını vurdu. Bəndər Ənzəli valisi Məhəmməd Saleh Ziyaei liman şəhərinin bir neçə nöqtəsinə raket hücumu edildiyini açıqlayıb. Onun sözlərinə görə, gömrük, Limanlar və Gəmiçilik Təşkilatının Baş İdarəsinin binaları hədəfə alınıb.

İsrail ordusu İranın şimalındakı əraziləri ilk dəfə hədəf aldığını təsdiqləyib. 

Bununla da Xəzər dənizi ilk dəfə genişmiqyaslı geosiyasi qarşıdurmanın arenasına çevrilib.

İslam Respublikasının gəmiləri Xəzərdə İsrail üçün heç bir təhlükə yaratmır və beynəlxalq dəniz ticarətinə müdaxilə edə bilmir. Bəs İsrail Hərbi Hava Qüvvələri niyə onları vurmağa başladı?

Burada iki məqam ola bilər: Birincisi, bu, İsrailin İslam Respublikasının hərbi potensialını aradan qaldırmaq üçün sistemli və ardıcıl yanaşmasını nümayiş etdirir. Bu gəmilər batırılmalıdır ki, rejimin artıq donanması qalmasın.

İkincisi, bu, İran və Rusiya arasında əsas ünsiyyət kanalıdır. Gəmilərin batması İslam Respublikasını dəniz yolu ilə müxtəlif yük daşımaq imkanından məhrum edir.

İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail Müdafiə Qüvvələri bu hücumla bir neçə məqsədə, o cümlədən Rusiyadan dəniz yolu ilə silah daşınmasının qarşısını almağa nail olub. 

ABŞ-İsrail və İran müharibəsi

Yaxın Şərqdə gərginlik uzun illərdir müxtəlif fazalarda davam etsə də, ABŞ və İsrailin İrana qarşı açıq hərbi əməliyyatlara başlaması region üçün tamamilə yeni və daha təhlükəli mərhələyə çevrilib. Müharibə artıq 3 həftədir davam edir. Artıq İranın zəiflədiyi müşahidə olunur. Bu, qarşıdakı mərhələdə münaqişənin həm daha sərt, həm də daha geniş coğrafiyaya yayılma ehtimalını artırır.

İranın zəiflədiyi şəraitdə onun birbaşa konvensional müharibədə üstünlük qazanmaq imkanları məhdudlaşır. Bu səbəbdən Tehran ənənəvi strategiyasına - asimmetrik cavab mexanizmlərinə müraciət edir. Körfəz ölkələrində neft və qaz obyektlərinin hədəfə alınması bunun klassik nümunəsidir. Bu addımın əsas məqsədi təkcə hərbi deyil, həm də iqtisadi və psixoloji təsir göstərməkdir.

Enerji infrastrukturu qlobal iqtisadiyyatın sinir sistemi sayılır. Bu obyektlərə zərbələr endirilməsi neft qiymətlərinin sürətlə artmasına, dünya bazarlarında qeyri-müəyyənliyin dərinləşməsinə, Qərb ölkələrinə dolayı təzyiqlərə səbəb olur.

ABŞ hərbçilərinin həlak olması isə münaqişənin eskalasiyasında dönüş nöqtəsi hesab oluna bilər. Xüsusilə Donald Tramp kimi sərt ritorika ilə tanınan siyasi fiqurun reaksiyası daha aqressiv hərbi qərarların qəbulunu sürətləndirə bilər. Çünki 6 hərbçinin ölümü az görünsə də, Ağ Ev bu kimi hallara öyrəşməyib. 

Trump pays his respects in Delaware to 6 US service members killed in the  Middle East | News | kake.com

Belə hallarda ABŞ-nin tipik davranış modeli hava zərbələrinin genişləndirilməsi, İranın hərbi infrastrukturu və komanda mərkəzlərinin hədəfə alınması, kiber və elektron müharibə elementlərinin gücləndirilməsi olur.

Bu isə müharibənin daha intensiv və dağıdıcı mərhələyə keçəcəyini göstərir.

Bu tip münaqişələrin tam qələbə ilə bitməsi nadir hallarda baş verir. İran dondurulmuş münaqişə istəmir. Lakin İran müəyyən güzəştlər etməsi əvəzində rejimin təhlükəsizliyini təmin edə bilər və müharibə dayanar. Proses yaxın həftələrdə güc balansının dəyişməsi fonunda baş verəcək. 

Lakin belə bir müharibə nə qədər uzansa, onun nəticələri bir o qədər qeyri-müəyyən və təhlükəli olacaq. İranın zəifləməsi münaqişənin bitməsi demək deyil. Əksinə, daha riskli və nəzarətsiz mərhələyə keçid ehtimalını artırır. 

Ən real gözlənti odur ki, münaqişə qısa müddətdə həlledici şəkildə bitməyəcək.

Ağarza Elçinoğlu

Избранный
53
unikal.az

1Источники