RU

Beynəlxalq tədbirlərə dəstək standartı

Dünən Bakıda “AZS ISO 20121:2026 – Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimatı keçirilib. Yeni standartı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycan Əməliyyat Şirkətinin koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehdiyev təqdim edib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən və ölkənin milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Tədbir davamlılığının idarəetmə sistemləri–Tələblər və istifadə üçün təlimat” dövlət standartının qəbul edilməsi mühüm addımdır: “Beynəlxalq standart əsasında hazırlanmış və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə əməkdaşlıq nəticəsində qəbul edilmiş yeni standart ölkəmizdə tədbirlərin planlaşdırılması, təşkili və idarə olunması proseslərində davamlılıq prinsiplərinin sistemli şəkildə tətbiqinə xidmət etməklə yanaşı, təşkilatlara tədbirlərin bütün mərhələlərində, yəni planlaşdırmadan icraya və nəticələrin qiymətləndirilməsinədək davamlı idarəetmə yanaşmasını tətbiq etməyə imkan yaradır”.

Mərasimdə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib ki, son illər ölkəmizdə standartlaşdırma sahəsində həyata keçirilən təşəbbüslər dövlət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılmasını şərtləndirir. Onun sözlərinə görə, dünya iqtisadiyyatının qloballaşması ilə ölkələr arasında ticarət daha da intensivləşir ki, bu da məhsul və xidmətlərin müxtəlif bazarlarda qəbul edilməsini və bir-biri ilə uyğunluğunu təmin etmək məqsədilə beynəlxalq standartların qəbulunu zəruri edir.

Standartlaşdırmanın yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırılan agentlik rəhbəri deyib ki, müasir tələblərə cavab verən malların və xidmətlərin istehsalı, onların keyfiyyətinin təmin edilməsi, rəqabətədavamlılığının artırılması, habelə, dünya bazarına çıxışının təmini üçün keyfiyyət infrastrukturunun əsasını təşkil edən standartlaşdırma sisteminin təkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusi rol oynayır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın və “2026-2028-ci illər üçün milli standartlaşdırma proqramı”nın təsdiq olunduğunu xatırladan E.Bağırov bildirib ki, sözügedən sənədlər çərçivəsində texniki tənzimləmə sisteminin formalaşdırılması, istehlakçı hüquqlarının daha etibarlı qorunması və ticarətdə texniki maneələrin aradan qaldırılması, eləcə də iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqinə nail olan, təhlükəsiz və keyfiyyətli, rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması məqsədilə istiqamətində mühüm addımlar atılıb.

İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri İnarə Mustafayeva isə bildirib ki, davamlı tədbir idarəetməsi inklüziv iqtisadi inkişafı dəstəkləyir. Onun sözlərinə görə, tədbir davamlılığının idarəetmə sistemləri kimi standartların tətbiqi yerli şirkətlərə daha sistemli işləməyə, resurslardan səmərəli istifadə etməyə, eləcə də xidmət keyfiyyətini artırmağa imkan yaradır. Bu isə onların beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə və rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib ki, təqdim olunan AZS ISO 20121 “Tədbirlərin dayanıqlılığının idarə edilməsi sistemi” dövlət standartının qəbul edilməsi ölkəmizdə tədbirlərin təşkili və idarə olunması prosesində dayanıqlılıq prinsiplərinin sistemli tətbiqini təşviq edən mühüm bir təşəbbüsdür.

Urbanizasiyanın sürətlə artdığı dövrdə resurslardan səmərəli və məsuliyyətli istifadə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan komitə sədrinin sözlərinə görə, dayanıqlılıq konsepsiyası AZS ISO 20121 standartının milli standartlaşdırma fonduna daxil edilməsi Azərbaycanda məsuliyyətli və dayanıqlı tədbir idarəetməsi yanaşmasının inkişafına, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələrin tətbiq edilməsinə yeni imkanlar yaradır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası üzrə Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov qeyd edib ki, ölkəmiz tədbir təşkilatçılığı sahəsində ev sahibliyi olmaqla yanaşı, həm də təcrübə ixrac edən dövlətlərdən birinə çevrilib. Onun sözlərinə görə, ISO 20121:2024 standartı yalnız texniki sənəd deyil, ölkəmizdə tədbirlərin daha sistemli, daha dayanıqlı və beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunması istiqamətində atılmış növbəti addımdır: “Əminliklə deyə bilərəm ki, sözügedən standartın tətbiqi gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərin təşkilinə öz töhfəsini verəcək və yerli mütəxəssislərin fəaliyyətini vahid yanaşmada formalaşdırmasına xidmət edəcək”.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu baş direktorunun müavini Kəmalə Məmmədzadə bildirib ki, müasir şəhər mühitinin formalaşdırılması, dayanıqlı nəqliyyat sistemlərinin qurulması və rəqəmsal yanaşmaların tətbiqi bu gün ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada sürətlə modernləşən, eyni zamanda, öz qədim irsini qoruyan ölkələrdən biridir. Qeyd olunub ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində qarşıda duran ən mühüm vəzifələrdən biri də şəhərsalma istiqamətində milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.

2025-ci ildə Azərbaycanda qəbul olunmuş yeni dövlət standartlarının sayının 2021-ci illə müqayisədə, təxminən, 10 dəfədən çox olduğunu xatırladan baş direktor müavini deyib ki, təkcə bu ilin yanvar-fevral aylarında ölkədə 36 yeni dövlət standartı qəbul edilib, yaxın 3 ildə isə daha 3 minə yaxın yeni dövlət standartının işlənib hazırlanması nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ
XQ

Избранный
48
1
xalqqazeti.az

2Источники