Bushehr AES ətrafında vəziyyətin pisləşməsi region üçün uzunmüddətli nəticələr yarada bilər...
Poliqon xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Hanan Balxi açıqlama verib. Nümayəndənin sözlərinə görə, ABŞ və İsrailin İran ərazisindəki obyektlərə zərbələri fonunda ən pis ssenari nüvə qəzasının baş verməsidir və bu cür hadisənin təsirləri onilliklər boyu davam edə bilər.
Balxi xüsusilə Bushehr Atom Elektrik Stansiyası ətrafında yaranmış vəziyyətin yüksək risk daşıdığını vurğulayıb. Bildirilib ki, stansiyaya zərər dəyəcəyi təqdirdə radiasiya geniş əraziyə yayıla bilər və bu, yalnız İranı deyil, Fars körfəzi regionunda yerləşən digər ölkələri də təsir altına sala bilər.
Ekspertlər qeyd edirlər ki, belə bir ssenari baş verərsə, radiasiya çirklənməsi içməli su təminatına da ciddi zərbə vuracaq. Xüsusilə dəniz suyunun şirinləşdirilməsi qurğularının fəaliyyəti təhlükə altına düşə bilər ki, bu da regionda milyonlarla insan üçün su təminatında problemlər yarada bilər.
ÜST rəsmisi əlavə edib ki, hazırkı vəziyyət yalnız hərbi deyil, həm də humanitar və ekoloji risklər baxımından ciddi qiymətləndirilməlidir. Təşkilat beynəlxalq ictimaiyyəti potensial nüvə təhlükəsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Poliqon.info