RU

Sabir Zeynalov: “Əməkdar idman ustası” adı gələcək yarışlarda daha böyük uğurlar üçün stimuldur

Bakı, 18 mart, AZƏRTAC

“Əməkdar idman ustası” adı gələcək yarışlarda daha böyük uğurlar üçün stimuldur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında parataekvondoçu Sabir Zeynalov “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görülməsi ilə bağlı danışarkən deyib.

21 yaşlı idmançı bildirib ki, bu xəbər onun üçün böyük sevinc doğurub: “Bu, mənim üçün çox gözəl və qürurverici xəbər oldu. Bu cür yüksək qiymətləndirmə idmançı üçün əlavə motivasiyadır və gələcək yarışlarda daha yaxşı nəticələr əldə etməyə stimul verir”.

O qeyd edib ki, bu fəxri ad məsuliyyətini daha da artırır: “Bu ada layiq görülmək böyük şərəfdir və eyni zamanda məsuliyyət deməkdir. Qarşıdakı yarışlarda daha uğurlu çıxış etmək üçün əlimdən gələni edəcəyəm”.

S.Zeynalov vurğulayıb ki, bu ada komanda yoldaşı İmaməddin Xəlilovla birlikdə layiq görülməsi onun üçün xüsusi əhəmiyyət daşıyır: “2024-cü il Paris Paralimpiya Oyunlarında ilk medal qazanan idmançı kimi yadda qaldım. İmaməddin Xəlilov isə həmin Oyunlarda ölkəmiz üçün ilk qızıl medalı əldə etdi. Hər ikimizin bu ada layiq görülməsi bizim üçün çox sevindiricidir. Gələcəkdə daha böyük uğurlar qazanmağa çalışacağıq. İnanıram ki, nəticələrimiz daha da artacaq. Bu cür uğurları bütün idmançılarımıza arzulayıram”.

Qeyd edək ki, Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.

Избранный
56
1
azertag.az

2Источники