RU

Müşfiqabad hövzəsində kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğunun tikintisi ilə bağlı mediatur təşkil olunub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramına uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində Müşfiqabad hövzəsində inşa olunan kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğu ilə bağlı mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Su Ehtiyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən təşkil olunan mediatur zamanı kütləvi informasiya vasitələrinin nümayəndələri tikinti sahəsinə baxış keçirib, görülən işlər barədə ətraflı məlumat alıblar, həmçinin mütəxəssislərin təqdimatlarını dinləyiblər.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasında su və kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, tullantı sularının ekoloji cəhətdən təhlükəsiz şəkildə idarə olunması, subasma və daşqın risklərinin azaldılması, eləcə də ümumi ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Müşfiqabad hövzəsində reallaşdırılan layihə regionda sürətlə artan urbanizasiya və əhali sıxlığının yaratdığı yükü nəzərə alaraq hazırlanıb. Layihə çərçivəsində gündəlik məhsuldarlığı 75 min kubmetr olan müasir tullantı sutəmizləyici qurğunun tikintisi həyata keçirilir. Bu qurğu tullantı sularını bir neçə mərhələdə emal edərək, ultrabənövşəyi şüalar vasitəsilə dezinfeksiya edib sənaye məqsədləri üçün istifadəyə yararlı vəziyyətə gətirəcək.

Mediatur iştirakçılarına məlumat verilib ki, hazırda qurğunun əsas və yardımçı obyektlərində tikinti işləri intensiv şəkildə aparılır. İri barmaqlıq qurğusunun qurşaq tirlərinin betonlanması başa çatdırılıb, qazıntı işləri isə son mərhələdə davam edir. Kiçik barmaqlıq qurğusunda qazıntı işləri artıq yekunlaşıb ki, bu da növbəti tikinti mərhələlərinin sürətləndirilməsinə imkan verir.

Havalandırma sistemli qum və yağ tutucuda döşəmə inşası yekunlaşıb, divarların dəmir-beton konstruksiyalarla tikintisi davam etdirilir. Blover binasında bünövrə işləri başa çatıb, sütun və divarların tikintisi aparılır. Mexaniki avadanlıqlar binasının tullantı qazlarının orta təzyiqlə nəqlini təmin edəcəyi və sistemin fasiləsiz fəaliyyətində mühüm rol oynayacağı vurğulanıb. Eyni zamanda, biosfer hovuzunun su bölüşdürücü hissəsində betonlama işləri başa çatdırılıb, havalandırma hovuzunda qazıntı və əsaslayıcı işlər davam etdirilir. Lil susuzlaşdırma qurğusunda bünövrə və köməkçi binaların betonlanması tamamlanıb. Qurğunun fasiləsiz enerji ilə təmin olunması məqsədilə elektrik yarımstansiyasının tikintisinə başlanılıb.

Layihə çərçivəsində ümumi uzunluğu 18,9 kilometr olan gətirici kanalizasiya kollektorunun 15,2 kilometri müasir mikrotunel üsulu ilə, 3,7 kilometri isə açıq üsulla inşa olunur. Mikrotunel texnologiyası tikinti prosesinin şəhər mühitinə təsirini minimuma endirir və işlərin təhlükəsiz, səmərəli aparılmasına şərait yaradır. Bununla yanaşı, nəzərdə tutulan 22 şaxtadan artıq 6-da tikinti işlərinə başlanılıb.

Məlumat verilib ki, layihə Xırdalan şəhəri, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının vahid sistem üzrə toplanması və idarə olunmasına imkan yaradacaq. Eyni zamanda, Ceyranbatan Su Anbarı ətrafında yaranan qrunt sularının tənzimlənməsi, su ehtiyatlarının qorunması və ümumi ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm rol oynayacaq.

Vurğulanıb ki, mikrotunel texnologiyasının tətbiqi ilə inşa olunan bu tip layihələr yalnız müasirliyi ilə deyil, həm də dayanıqlılığı və səmərəliliyi ilə seçilir. Bu yanaşma əhalinin kommunal xidmətlərdən məmnunluğunu artırır, tullantı sularının fasiləsiz daşınmasını təmin edir və subasma risklərini minimuma endirir.

Qeyd olunub ki, 2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Tikinti işləri mərhələli şəkildə aparılır və bütün mərhələlərdə beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət olunur.

Sonda mediatur iştirakçılarına bildirilib ki, həyata keçirilən bu tipli layihələr Bakı və Abşeron yarımadasında su və kanalizasiya infrastrukturunun dayanıqlı, müasir və səmərəli fəaliyyətini təmin edir. Eyni zamanda, ətraf mühitin qorunmasına, tullantı sularının daha təhlükəsiz idarə olunmasına və əhalinin keyfiyyətli kommunal xidmətlərlə təmin olunmasına mühüm töhfə verir.

Müxbir - Vüqar Qurbanoğlu

Fotoqraf - İlkin Cavanşirov

Videooperator - Mirrəsul Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
azertag.az

2Источники