RU

Sosial şəbəkələr ailəni necə dağıdır? Psixoloq AÇIQLADI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Bu gün heç zaman olmadığı qədər milli-mənəvi dəyərlərimiz, ailə institutumuz ciddi təhdidlərlə üz-üzədir. Burada sosial medianın da rolu böyükdür və məsələnin ən çətin tərəfi də sosial medianın ənənəvi medianı üstələməsi və proseslərin tənzimlənməsinin çətinləşməsidir. Bu baxımdan son vaxtlar qanunvericilikdə milli-mənəvi dəyərlərə yönəlmiş təhdidlərin qarşısının alınması üçün dəyişikliklər edilməsi çox təqdirəlayiqdir. Ancaq boşanmaların sayının sürətlə artması, əhalinin sayında azalmanın baş verməsi, mənəvi tənəzzül bizdən daha çevik qərarların qəbul edilməsini və addımların atılmasını zəruri edir".

Bu fikirləri millət vəkili Ceyhun Məmmədov səsləndirib. 

Deputatın qaldırdığı mövzu ilə bağlı Redaktor.az-a danışan klinik psixoloq Gülşən Rüstəmova bildirdi ki, biz məsələnin mənbəyinə gedib çıxmasaq, onun bazasında duran problemi görməzdən gəlsək, nəyisə düzəltməyə çalışarkən yalnız fonu düzəltmiş olarıq:

"Yəni kökündə əyrilik varsa, bunu bir budaq, bir ağac fidanı kimi düşünün: əyri əkilən fidan sonradan da əyri inkişaf etməyə məcbur qalır və böyüdükcə həmin əyrilik onun həyatında davam edir. Ona görə də məsələnin bazasına enməsək, problemi harada olduğunu anlaya bilməyəcəyik və “nöqtə vuruşu” edə bilməyəcəyik. Yenə deyirəm, bütün bu danışıqlar əslində fon xarakteri daşıyır və hər dəfə eyni mövzular müzakirə olunsa da, görürsünüz ki, heç nə həll olunmur. Artıq psixoloji fəaliyyətimin onuncu ilidir və bu müddət ərzində daim boşanmaların sayının artdığını eşidirəm. Təxminən on ildir ki, sosial şəbəkələrdə, platformalarda aktivik. Bəs doğrudanmı gündəmi sosial şəbəkələr idarə edir? Gəlin baxaq: məsələnin mənbəyi haradadır və problemli nöqtəmiz nədir? Bizim mənəvi dəyərlərimizə münasibət birmənalı deyil".

Müsahibimiz əlavə etdi ki, milli və mental dəyərlərimiz kəskin şəkildə tənqid olunur:

"Təkcə sosial şəbəkələrdə yox, universitetlərdə, orta məktəblərdə, valideyn qruplarında, ümumiyyətlə, insanların bir araya gəldiyi hər yerdə. Şəxsən mən dəfələrlə eşitmişəm ki, filan adət düzgün deyil, insan həyatına mənfi təsir göstərir. Buna baxmayaraq, biz həmin adət-ənənələri davam etdirməyə çalışırıq. Amma beynimizdə onlara qarşı əks düşüncə mövcuddur. Bu isə daxili ziddiyyət yaradır. Basqı kimi qəbul etdiyimiz bir dəyərə necə inanmaq, onu necə müdafiə etmək olar? Əgər biz özümüz bu dəyərlərə inanmırıqsa, onların həqiqətən bizə lazım olduğuna necə əmin ola bilərik? Problem də məhz buradadır. Dəyərlərin inkişafı və yayılması ilk növbədə insanın öz düşüncəsindən başlayır. Sosial şəbəkələrdəki alqoritmlər də əslində bizim düşüncə və seçimlərimizin əksidir".

Psixoloq qeyd etdi ki, bu gün “sosiallaşmış insan” anlayışı sosial şəbəkələrdə aktiv olmaqla ölçülməməlidir.

"Sosiallaşmış insan – özü üzərində çalışan, dünyəvi istiqamətlər haqqında məlumat əldə etməyə “istəyən” insandır. “İstəyən” sözünü xüsusilə vurğulamaq lazımdır. Çünki istək insanı müəyyən bir məqsədə aparır. Əks halda, insan özünü bir burulğana buraxır və düşünür ki, bu axın məni hara aparsa, ora gedəcəyəm. Yenə əsas məsələyə qayıdıram: problemin səbəbi ondan ibarətdir ki, biz atdığımız addımların mahiyyətini dərk etmirik, çox vaxt kor-koranə yaşayırıq. Bəli, öz üzərimizdə işləyənlər var, amma bu vəziyyəti davam etdirənlərin sayı daha çoxdur. İnsan məqsədini və istiqamətini düzgün müəyyənləşdirmədikdə, nə çıxış yolu axtarır, nə də alternativ yollar barədə düşünür. Mahiyyəti anlamayan insan sadəcə gördüyü işi mexaniki şəkildə davam etdirir. Bu səbəbdən, ailə institutu, mənəvi və mental dəyərlər haqqında danışarkən onları bugünkü günə uyğun, aydın və anlaşıqlı dildə izah etmək və təbliğ etmək lazımdır. Əgər bu sahədə çalışan insanlarda belə bir istək olsa, bu dəyərləri tətbiq etmək və cəmiyyətə aşılamaq mümkündür. Lakin hazırda istəkdən çox tənqid var. Bir düşünün: biz daha çox tənqid edirik, yoxsa həll yolu axtarırıq? Əksər hallarda sadəcə tənqid edirik. Problemi həll etmək üçün əməli addım atmırıq. Nə kifayət qədər ambisiya göstəririk, nə də maddi maraq görmədiyimiz sahələrə yönəlmək istəyirik. Daha çox maddi gəlir gətirən istiqamətlərə üstünlük veririk. Elə buna görə də bu müzakirələr illərdir davam edir və görünən odur ki, hələ bir müddət də yalnız müzakirə olaraq qalacaq", - deyə G.Rüstəmova yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
97
50
redaktor.az

10Источники