RU

Diabet dərmanı yaşlılarda görmə itkisinə qarşı qoruyucu ola bilər - ARAŞDIRMA

ABŞ-nin Çikaqo Universitetinin alimləri qlükoza səviyyəsini tənzimləyən diabet dərmanı metforminin yaşlı insanlarda görmə itkisinə səbəb olan ciddi xəstəliklərdən biri neovaskulyar yaşa bağlı makulyar deqenerasiyanın riskini azaltdığını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Ophthalmology Retina" jurnalında dərc olunub.

Yaşa bağlı makulyar deqenerasiya gözün torlu qişasının xroniki xəstəliyidir. Bu zaman makula, yəni gözün mərkəzi görmə sahəsinə cavabdeh olan hissəsi zədələnir. Neovaskulyar forma xəstəliyin ən ağır növlərindən sayılır və görmə qabiliyyətinin sürətlə itirilməsinə səbəb ola bilər.

Tədqiqatçılar 2008–2017-ci illər ərzində 22 205 nəfərdə yeni diaqnoz qoyulmuş neovaskulyar makulyar deqenerasiya və 22 126 nəfərdə xəstəlik olmayan halları analiz ediblər. Həmçinin, 12 mindən çox diabet xəstəsini ayrı qrupda araşdırıblar.

Analiz göstərib ki, metforminin istifadəsi xəstəliyin inkişaf riskini azaldır. Ən nəzərəçarpan təsir dərmanı 271–600 qram ümumi doza ilə qəbul edənlərdə müşahidə olunub. Diabet xəstələrində də oxşar meyl qeydə alınıb, xüsusilə diabetik retinopatiya — torlu qişa damarlarının zədələnməsi olmayanlarda.

Metformin tip 2 diabetin müalicəsində geniş istifadə olunan dərmandır. O, toxumaların insulinə həssaslığını artırır və qaraciyərdə qlükozanın istehsalını azaldır. Son illərdə alimlər onun müxtəlif orqanlar, o cümlədən gözlər üçün qoruyucu təsirini də araşdırırlar.

Tədqiqatın müəllifləri nəticələrin ilkin olduğunu vurğulayır, çünki məlumatlar tibbi qeydiyyatlara əsaslanır və xəstələrin dərman qəbuluna əməl etməsi tam şəkildə qiymətləndirilə bilməz. Buna baxmayaraq, iş metforminin neovaskulyar makulyar deqenerasiya riskini azaltmaqla əlaqəli ola biləcəyini göstərir.

Nuriyyə NATİQQIZI

Избранный
48
1
redaktor.az

2Источники