RU

Müşfiqabadda iri sutəmizləyici qurğunun tikintisi davam edir – Mediatur təşkil olundu

Azərbaycan Prezidentinin təsdiqlədiyi Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr davam edir.Missiya.Az xəbər verir ki, bu istiqamətdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən görülən işlərlə bağlı media nümayəndələri üçün Müşfiqabad ərazisində təşkil olunan media tur zamanı geniş məlumat verilib.

Bildirilib ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisi aparılır. Layihə çərçivəsində Müşfiqabad hövzəsində gündəlik 75 min kubmetr məhsuldarlığa malik müasir sutəmizləyici qurğu inşa olunur.

Qeyd edilib ki, hazırda qurğunun bir sıra əsas hissələrinin tikintisi artıq tamamlanıb. İri barmaqlığın betonlama işləri yekunlaşıb, kiçik barmaqlıq üzrə qazıntı işləri başa çatdırılıb. Qum və yağ tutucuda döşəmə inşası tamamlanıb, digər sahələrdə tikinti prosesi davam edir. Blower və mexaniki cihaz binalarında, həmçinin biosfer və havalandırma hovuzlarında işlər mərhələli şəkildə icra olunur.

Media nümayəndələrinə məlumat verilib ki, layihə çərçivəsində ümumi uzunluğu 18,9 kilometr olan kanalizasiya kollektorunun böyük hissəsi mikrotunel üsulu ilə inşa edilir. Eyni zamanda 22 şaxtanın tikintisi nəzərdə tutulur ki, onlardan artıq bir neçəsində işlərə başlanılıb.

Vurğulanıb ki, gələcəkdə burada təmizlənən tullantı suları ultrabənövşəyi şüalar vasitəsilə emal edilərək sənaye məqsədləri üçün istifadə olunacaq.

Layihənin Xırdalan şəhəri, eləcə də Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə olunmasına, həmçinin Ceyranbatan Su Anbarı ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyi bildirilib.

Qeyd olunub ki, 2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Tikinti işləri zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Media tur zamanı jurnalistlər görülən işlərlə yerində tanış olub, layihənin əhəmiyyəti barədə məlumatlandırılıblar. Bildirilib ki, bu cür layihələr regionda su və kanalizasiya infrastrukturunun müasirləşdirilməsinə, əhalinin kommunal xidmətlərə çıxışının yaxşılaşdırılmasına və ekoloji mühitin qorunmasına xidmət edir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
9
missiya.az

1Источники