"Sağlam arıqlama prosesi bir qədər uzun çəkdiyi üçün bəzi insanlar səbirsizlik göstərir. İnsan sağlam və uzun ömür sürmək istəyirsə, bu məsələyə ciddi yanaşmalıdır. Əgər insan 40 yaşdan aşağıdırsa, “uzunömürlülük” anlayışını tam dərk etməyə bilər. Lakin 40 yaşdan sonra müxtəlif xəstəliklər üzə çıxdıqca sağlamlığın nə qədər vacib və əvəzsiz olduğu daha aydın görünür".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.
Həkim qeyd etdi ki, bu insanlar üçün əsas məqsəd arıqlamaq və optimal bədən çəkisini qorumaqdır:
"Bu göstərici bədən çəki indeksi ilə ölçülür. Bəzən insan özünü artıq çəkili hesab edə bilər, lakin bunu dəqiq müəyyən etmək üçün bədən çəki indeksi kalkulyatorundan istifadə etmək lazımdır. Bu hesablamadan sonra əgər çəki normadan artıqdırsa, onunla mübarizə aparmaq vacibdir. Artıq çəki orqanizmdə toplanmış yağ deməkdir. Bu yağdan qurtulmağın yeganə yolu onu xərcləməkdir. Bunun üçün iki əsas yanaşma mövcuddur, birincisi, qəbul edilən kalorini azaltmaq, ikincisi isə mövcud enerjini fiziki aktivliklə yandırmaq. Bu iki proses paralel aparılmalıdır. İnsan qidalanmasına nəzarət etmirsə, təkcə idmanla nəticə əldə etmək mümkün deyil.
Bu səbəbdən mütəxəssislər həm fiziki aktivliyi, həm də sağlam qidalanmanı birlikdə tövsiyə edir. Sağlam qidalanma balanslı olmalıdır. Yağ qəbuluna icazə verilir, lakin düzgün seçim etmək vacibdir. Məsələn, kərə yağı və zeytun yağı qəbul oluna bilər. Qida rasionunda zülallar üstünlük təşkil etməlidir: toyuq əti, digər quş ətləri, balıq və həftədə bir-iki dəfə yağsız qırmızı ət. Karbohidratlar isə daha az miqdarda qəbul edilməlidir. Bununla yanaşı, yaz mövsümündə bol tərəvəz, göyərti və meyvə qəbul etmək tövsiyə olunur. Bu qidalar həm sağlamlıq, həm də uzunömürlülük üçün faydalıdır".
Nuriyyə NATİQQIZI