RU

Təhsil sistemində şagirdlərin tərbiyəolunma prosesi və məktəb valideyn münasibətləri

ain.az bildirir, 525.az portalına istinadən.

Aydın Əhmədov

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim

Həm müəllimlər, həm də valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etdirməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Təhsil sistemində əhatə dairəsinə görə ən geniş sahə olan ümumi təhsil məzmun cəhətdən təlim və tərbiyə komponentlərinin qırılmaz bağlılığından ibarət olmaqla vahid proses kimi, ilk növbədə, fərdin müasir dövrdə cəmiyyət üçün tələbyönümlü, dövlətçilik mövqeli, mədəni-intellektual səviyyəli vətəndaşa çevrilməsinə istiqamətlənmiş dövlət əhəmiyyətli şərəfli bir missiyanı yerinə yetirən yüksək dəyər timsalında qəbul edilir. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev ümumi təhsili “xalqın mentaliteti, dünya xalqları ilə müqayisə olunacağı səviyyə” adlandırmışdır.

Geniş mənada düşünsək, müxtəlif fərqli rəylərə baxmayaraq, dövlət müstəqil­liyinin bərpasından ötən bir qərinə ərzində mütərəqqi yerli və beynəlxalq təcrübə­lərdən yararlanmaqla ölkəmizin ümumi təhsilində məzmun və idarəetmənin, eləcə də infrastrukturun, maddi-texniki bazanın, müvafiq qanunvericilik aktlarının yeniləşdirilib təkmilləşdirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, şübhəsiz, birmənalı qəbul edilməlidir. Həmin dövrdə doğulub formalaşan gənc nəslin böyük əksəriy­yətinin vətənpərvər, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclərdən ibarət olduğu da danılmazdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid və qazi olan qəhrəman oğullar, təbii ki, bugünkü uşaq və yeniyetmələrimiz üçün ibrətamiz nümunədir. Bu mənada hər bir uşağı və yeniyetməni millətin əmanəti dəyərində qəbul etməliyik.

Lakin o da etiraf olunmalıdır ki, son zamanlar məktəbli uşaq və yeniyetmələr tərəfindən qanunazidd hərəkərlərə yol verilməsi faktları haqlı olaraq cəmiyyətdə ciddi narazılıqla qarşılanır.

Həmişə deyirik ki, uşaqların tərbiyəsində xırda, ötəri məsələ yoxdur, prosesin hər bir detalı xüsusi yanaşma, düşüncə tələb edir. Uşaq və yeniyetmələrin tərbiyəolunma sisteminin yaxşılaşdırılması və təkmilləşdirilməsi ilə bağlı aparılan tədqiqatlara diqqət etsək, məktəblilərin törətdiyi qanunsuz əməllərin başvermə səbəbləri, bir qayda olaraq, aşağıdakı dəlillərlə əsaslandırılır:

- ailə tərbiyəsindəki boşluqlar, valideynlərin uşaq tərbiyəsi ilə bağlı prinsipial məsələlər haqda məlumatsızlığı.

- övladlarının təhsilinə, mənəvi inkişafına, gələcək taleyinə etinasız münasibət bəsləyən valideynlərin mövcudluğu.

- məktəb rəhbərliyi və müəllimlərin diqqətsizliyi və məsuliyyətsizliyi, məktəbin valideynlərdən, valideynlərin məktəbdən uzaq düşməsi.

- psixoloq xidmətinin yararsızlığı.

- telekanallarda, sosial şəbəkələrdə uşaq mənəviyyatına, psixoloji durumuna mənfi təsir göstərən bayağı verilişlərin yayımlanması.

- yaşadıqları mühitin uşaqların mənəvi tərbiyəsində pozucu rol oynaması və s.

Nəzəri cəhətdən həmin mülahizələrin heç biri mübahisə doğurmur, çünki dəfələrlə təkrar olunan məlum bir həqiqət var ki, hər hansı uşaq anadan cinayətkar doğulmur, onu bu yola vadar edən müxtəlif səbəblər mövcuddur. Ona görə də ehtimal oluna bilən bu cür hadisələrinin qarşısının vaxtında alınması, onların başvermə səbəblərinin minimuma endirilməsi məqsədilə bütün mümkün pedaqoji-psixoloji imkanlardan maksimum istifadə qaçılmaz zərurətdir.

Həmin istiqamətdə elə tədbirlər var ki, çoxları onları “xırda məsələ” sayaraq etinasızlıq göstərə bilərlər. Halbuki məqsədyönlü və sistemli təşkil edilərsə, müsbət nəticələnəcəyi istisna olunmur. Bu, ilk növbədə, valideynlərin maarifləndirilməsi ilə bağlıdır. Sirr deyil ki, sürətli elmi-texniki inkişaf əsrində yaşasaq da, biliksizlik və məlumatsızlıq ucbatından cəmiyyətdə məktəbin, təhsilin, məktəblə işgüzar pedaqoji  əlaqələrin rolunu qiymətləndirməyən, “əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi” zərbi-məsəlini unudaraq övladlarının ailə şəraitində tərbiyəsinə başdansovdu yanaşan və onlara həyatda düzgün istiqamət verə bilməyən, uşağa pozucu təsir edəcək yad amilləri diqqətdən qaçıran valideynlər kifayət qədərdir. Belə bir vəziyyətin mövcudluğu isə həmin ailələrdə böyüyən uşaqların tərbiyəsində, təhsil şəraitinə uyğunlaşmasında xeyli çətinliklər yaradır. Bu məqamda Ulu öndər Heydər Əliyevin konseptual bir fikrini  fəaliyyət istiqaməti kimi nəzərə çatdırmaq yerinə düşərdi: “Valideynlər yaxşı başa düşməlidirlər ki, uşaqların tərbiyəsi heç də ailənin daxili işi, hər kəsin şəxsi işi deyildir. Bu, vətəndaşın konstitusiyadan irəli gələn vəzifəsidir, cəmiyyət qarşısında borcudur və hər bir valideyn məsuliyyətini tamamilə dərk edərək öz borcunu yerinə yetirməlidir”. Hesab edirik ki, mənafeləri nəzərə alınmaqla müasir dövrdə uşaqların təlim-tərbiyəsinin təşkili ilə bağlı məsələlər ətrafında valideynlərin maarifləndirilməsi prosesini tənzimləyən əsasnamə tipli metodik sənədin hazırlanmasına və ona uyğun olaraq fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Məktəb rəhbərlərini, müəllimləri, təlim-tərbiyə prosesi ilə bilavasitə məşğul olan digər əməkdaşları məktəb həyatının şagirdlər üçün maraqlı təşkil edilməsi, onların (hətta valideynlərin də) məktəbə bağlanması, təhsil məşğulluqlarının təmin edilməsi, uşaqların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində vaxtaşırı diaqnostik qiymətləndirmələrin aparılması və nəticələrə görə hər bir uşaq üçün əsaslandırılmış “mənəvi-psixoloji inkişaf yolu”nun müəyyən edilməsi ciddi düşündürməlidir. Şagirdlərin hələ ibtidai təhsil səviyyəsindən etibarən təşkilatlanmasına xidmət göstərən “Şagird birlikləri”nin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar üzrə məktəblərdə yaradılması da onların dünyagörüşlərinin və məsuliyyət mədəniyyətinin formalaşmasında, milli-mənəvi dəyərlər zəminində tərbiyə olunmasında, sosial bacarıqlara yiyələnmələrində xüsusi rola malikdir.

Müdriklər demişkən, “Mütaliə bir cəmiyyətin vərdişinə çevrilsə, o cəmiyyət xoşbəxt olar”. Qismən unudulan, “xırda” hesab olunan məsələlərdən biri də uşaq və yeniyetmələrdə mütaliə mədəniyyətinin yaradılması ilə bağlıdır. Etiraf edək ki, hazırkı zamanda əksər uşaqlar bədii ədəbiyyat oxumağa meyl göstərmir, xüsusilə, poeziya ilə maraqlanmırlar. Məktəblərdə də bu vacib problemə diqqət lazımi səviyyədə deyildir. Halbuki şagirdlərin mütaliəyə istiqamətləndirilməsi və həvəsləndirilməsi məktəbin tərbiyə sisteminin üzvi hissəsi kimi dəyərləndirilməlidir. Çünki mütaliə uşaqların dünyagörüşünün, bilik dairəsinin genişlənməsi, intellektual inkişafı, mənəvi-mədəni-estetik dəyərlərə yiyələnməsi və həyati həqiqətlərə obyektiv, ədalətli münasibət bəsləməsində, onların qəlb dünyasının humanist duyğularla zənginləşməsində müstəsna əhəmiyyət kəsb edir. Ona görə də şagirdlər arasında mütaliənin, bədii ədəbiyyatın, ədəbiyyat xadimlərinin təbliği və təşviqinə xüsusi önəm verilməli, tanınmış yazıçılarla uşaqların görüşləri müntəzəm xarakter daşımalıdır. Yeri gəlmişkən, məktəblərin məqsədli şəkildə teatr tamaşalarına aparılması üçün müvafiq təşkilati tədbirlərin görülməsi də ciddi önəm daşımaqla eyni mərama xidmət edir.

Uşaq və yeniyetmələrin, gənclərin tərbiyəolunma sistemindən danışarkən Ulu öndər Heydər Əliyevin bu ibrətamiz müddəası ətrafında ciddi fikirləşməliyik: “İslam dini bizim müqəddəs dinimizdir, “Qurani-Kərim” müqəddəs kitabımızdır... Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələb­lərdir, tövsiyələrdir. İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir... Gənclərimizin islam dinini mənimsəməsi üçün lazımi tədbirlər görülməlidir”.

Zənnimcə, xüsusi şərhə ehtiyac duyulmur. Təsəvvür etmək çətin deyil ki, mənəvi-əxlaqi dəyərlər aşılayan “Qurani-Kərim”dən qaynaqlanan bəşəri ideyaların məzmun və mahiyyətinin xüsusi məşğələlər, fakültativ kurslar vasitəsilə uşaq və yeniyetmələrə izah edilməsi və mənimsədilməsi onların daxilən saflaşmasına, məktəblərdəki psixoloji əhval-ruhiyyənin, təlim-tərbiyə prosesinin xüsusi çəkisinin yüksəlməsinə necə ciddi təsir göstərərdi.

Vaxtaşırı belə bir sualla da rastlaşırıq: məktəblərdəki psixoloji xidmət qaneedi­cidirmi?! Həmin sualla hansı məktəb direktoruna müraciət etsən, təxminən bu cavabı ala bilərsən: başqalarını deyə bilmərəm, bizim məktəbdə qaydasındadır. Halbuki mövcud vəziyyəti elə də qaneedici hesab etmək qeyri-mümkündür. Əvvəla, kütləvi­lik şəraitində göstərilən psixoloji xidmətin yüksək səmərəsindən danışmaq nə dərəcədə düzgündür?! Həm də o halda ki, hazırkı məktəb psixoloqlarının çoxu peşəkarlıq cəhətdən tələbləri ödəmir. Amma bu vacib sahədə tənzimləmə yaratmaq zəruri tələb kimi meydana çıxır. Məsələ bundadır ki, kontingent sayına görə məktəb­də 1, 2, hətta 3 ştat psixoloqun olması da vəziyyəti dəyişə bilməz, əgər məktəbin rəhbərliyindən tutmuş hər bir müəllimə qədər hamı uşaqlara tətbiq olunan psixoloji xidmətin xüsusiyyətlərinə yaxından bələd olmasa.

Adətən, hər bir müəllim haqqında danışılarkən, daha çox elmi-nəzəri səviyyəsi, savadı, təcrübəsi qiymətləndirilir. Amma məlumdur ki, müəllimlik təkcə bu keyfiyyətlərdən ibarət deyildir, onun uşaq psixologiyasına bələdliyi, uşaqlarla ünsiyyətqur­ma, əməkdaşlıqetmə bacarığı və səriştəsi, onların arzu və istəklərinə, meyl-maraqlarına, istedad və qabiliyyətlərinə diqqət, qayğı və həssaslıqla yanaşma, habelə uşaqlarda müşahidə edilən “normadan kənaraçıxma halları”nın, psixoloji dəyişik­liklərin səbəblərinin araşdırılması və aradan qaldırılmasında yaxından iştirak da qanunvericiliklə müəllimin ən vacib vəzifə funksiyalarındandır. Bu mənada peda­qoji ali məktəblərin bütün ixtisasları üzrə kurikulumlarına məktəblərdəki psixoloji xidmətin səciyyəvi cəhətlərini özündə birləşdirən təlimati-metodik məzmunlu ayrıca bir bölmənin (kurs) daxil edilməsi, məzunlara diplomla bərabər, həmin kursun mənimsənilməsinə dair xüsusi formada sertifikat verilməsi məqsədəuyğun olardı.

Nəhayət, ağrılı bir məsələ, həddi-büluğa çatmamış məktəbli uşaq və yeniyet­mələrin davranış məsuliyyətinin qanunvericiliklə gücləndirilməsi tədbirləri haq­qında. Müasir dövrdə bu, xüsusi yanaşma tələb edən problemlərdən sayılır. Hansı zəmanəyə gəlib çatmışıq ki, məktəblərdə müəllim-şagird, müəllim-valideyn gərgin­liyi, bəziləri tərəfindən müəllimə, məktəbə qarşı hörmətsizlik, saymazlıq halları baş verir. Ən böhranlı cəhətlərdən biri də odur ki, valideynlər arasında övladlarının etikadankənar hərəkətlərinə göz yuman, hətta haqq qazandıranlar da vardır. Əlbəttə, problemə birtərəfli mövqedən yanaşmaq da düzgün deyil, o mənada ki, çox təəssüf, bəzi müəllimlər tərəfindən də şagird və valideynlərlə münasibətdə yanlışlığa yol verilməsi halları müşahidə olunur.

Bununla belə, həmişə deyirik ki, müəllim cəmiyyətdə ən nüfuzlu və hörmətli şəxsdir, o zaman şagirdin, valideynin yanında, habelə digər məqamlarda müəllimin aşağılanmasına qətiyyən yol verilməməlidir, əks-təqdirdə cəmiyyətdə mənəvi başıpozuqluq, hörmətsizlik, “böyük-kiçik” bilməzlik hallarının yaranma ehtimalı güclənə bilər. Müəllim pedaqoji aspektdə səhv buraxıbsa da, yalnız rəhbərlik yanında müzakirə edilməli, yanlış hərəkətin təkrarlanmaması üçün ona lazımi tövsiyələr verilməli, fəaliyyətinə nəzarət olunmalıdır.

Bu gün hamı demokratiyadan danışır, lakin heç də hamı demokratiyanın mahiyyətini düzgün qiymətləndirmir, bir çoxu bu anlayışı ifrat dərəcədə söz, əməl, hərəkət azadlığı mənasında başa düşür. Belə düşünmək nə dərəcədə uyğundur ki, müəllim hər hansı bir şagirdin intizamsız hərəkətinə irad bildirməməli, ona tənbehedici söz deməməlidir, çünki bu halda valideynin etirazı, hətta hədə-qorxusu ilə rastlaşa bilər. Valideyninin müəllimə qarşı bu cür münasibətini görən şagird növbəti dəfə daha qeyri-etik hərəkətlərə yol verməzmi?! Həmin vəziyyətdə müdafiəsiz qalan müəllim, görəsən, hansı hissləri keçirir?! Görünür, Ümummilli liderimiz Heydər Əliyevin bu hikmətli sözləri ilə yatmış yaddaşları oyatmaq lazımdır ki, “Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq peşədir”.

Təəssüf doğuran bir cəhət də vardır: sinifdə nizamı pozan, nalayiq hərəkətlər edən, müəllimin haqlı tələblərinə məhəl qoymayan şagirdə, yaxud şagirdlərə qarşı digərləri irad bildirmək əvəzinə əksər hallarda seyrçi mövqe tutur, müəllimin müdafiəsinə qalxmırlar. Bu, daha qorxulu vəziyyətdir.

Düşünürük ki, ümumi təhsilə aid qanunvericilik sənədlərində, ilk növbədə “Təhsil haqqında” ölkə Qanununda, Nizamnamədə müəllimlərin hüquqlarına, xüsusilə, təhsilalanların, eləcə də valideynlərin hüquq və vəzifələrinə yenidən baxılıb həmin sənədlərə onların məsuliyyət və öhdəliklərinin ciddiləşdirilməsi istiqamətində təsirli müddəalar daxil edilməlidir. Ola bilər ki, şagirdlərə hər hansı bir tərzdə tənbeh, cəza tədbirləri tətbiq olunması təklifi kimlər tərəfindənsə etirazla qarşılansın, lakin bu, qanunazidd əməllərin qarşısının alınmasında, məsuliyyət hissinin yaranmasında xeyli əhəmiyyət kəsb edərdi.

Əvvəllər ümumi təhsili bitirən şagirdlərə təhsil sənədi ilə yanaşı, oxuduqları müddətdə davranışlarına dair xasiyyətnamə də verilərdi, çox güman, həmin təcrübə bərpa olunmalıdır. Məzun ali və ya orta-ixtisas müəssisəsinə, yaxud peşə liseyinə qəbul üçün sənəd təqdim etdikdə həmin xasiyyətnamə tələb olunmalı və nəzərə alınmalıdır.

Əlbəttə, bu deyilənlərdən əlavə, başqa məsələlər də mövcuddur ki, hamısını bir yazıda əhatələmək mümkün deyildir. Ona görə də, fikrimizcə, bütövlükdə narahat­edici problemlər təhsil, mədəniyyət, səhiyyə, hüquq sistemləri və KİV-lərin nümayəndələrinin, din xadimlərinin, digər maraqlı tərəflərin iştirakı ilə müzakirə olunduqdan sonra “Azərbaycan Respublikasında uşaq və gənclərin milli-mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəolunması sisteminin daha da yaxşılaşdırılması tədbirləri haqqında” Dövlət Proqramının hazırlanması məqsədəuyğun sayılardı.

P.S. Hüquq sistemində ədalətli yanaşma sərgiləyən “Mötəbərlik prezupsiyası” adlanan anlayış-termin vardır. Mahiyyətcə dəyərli, etibarlı, faydalı bir ideyanın, əməlin, müddəanın, istiqamətin doğruluğu və həqiqiliyinin əksini sübuta yetirməyə ehtiyacın olmadığı anlamına gəlir. Paralellik aparsaq, bu terminin məzmununda ifadə edilən fikrin ümumi təhsillə, bir növ, bağlılığını müşahidə edə bilərik. Yəni ümumi təhsilin başlıca məqsədi və məramı uşaq, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə sadiq, əqidəli, vətənpərvər ruhlu, soykökünə bağlı vətəndaşlar timsalında tərbiyə olunması kimi elə bir taleyüklü məsələyə istiqamətləndirilmişdir ki, onun əksi barədə düşünmək belə, sağlam məntiqdən çox-çox uzaqdır. Zaman ötdükcə təhsilin məzmununda  müasirliklə əlaqəli müxtəlif dəyişikliklər baş verə bildiyi halda, milli ənənələrimizə söykənən tərbiyə fəlsəfəsi heç vəchlə modernləşməyə məruz qala bilməz.

...Bir həqiqət də var ki, keyfiyyətli təhsil, səmərəli və yaradıcı təlim-tərbiyə mühiti yalnız səriştəli, idarəetmə məsələlərinə, pedaqoji problemlərə bələdliyi ilə seçilən, təcrübəli, prinsipial mövqeli rəhbərliyin olduğu, uşaqların təhsilinə əsl vətəndaşlıq duyğuları ilə yanaşan, dövrün tələbləri səviyyəsində elmi-nəzəri və metodik hazırlığa malik peşəkar və qayğıkeş pedaqoji kollektivin formalaşdığı məktəbdə bərqərar ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
82
525.az

1Источники