RU

“Saatlar ölkəsi”ndə anti-Azərbaycan TOPLANTISI – Separatçılardan HƏYASIZLIQ

2023-cü ilin dekabrında yaradılmış qondarma “Dağlıq Qarabağ xalqının fundamental hüquqlarının müdafiəsi komitəsi” və “İsveçrə-Ermənistan” assosiasiyası İsveçrədə “SOCAR Trading SA” şirkətinə qarşı absurd iddia ilə şikayət ərizəsi təqdim edib.

Musavat.com erməni mediasına istinadla bildirir ki, qondarma komitəyə rəhbərliyi keçmiş xarici işlər naziri Vardan Oskanyan edir.

Şikayət ərizəsində bildirilir ki, guya şirkət Qarabağın erməni əhalisinin “etnik təmizlənməsinə görə məsul olan dövlətə maliyyə dəstəyi göstərməklə beynəlxalq məsuliyyətli biznes davranışı standartlarını pozub”.

Şikayət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Çoxmillətli Müəssisələr üçün 2011 və 2023-cü illər təlimatlarına uyğun olaraq, İsveçrə Milli Əlaqə Məntəqəsinə (SECO) rəsmi olaraq təqdim edilib.

Çikaqoda yaşayan “komitə” üzvü Qarnik Kerkonyan bildirib ki, “Təxminən 150.000 erməninin öz vətənlərindən məcburi şəkildə qovulması son onilliklərdə Cənubi Qafqazda baş verən ən ciddi humanitar böhranlardan biridir. Bu hərəkətlərə görə məsul olan dövləti maliyyələşdirən şirkətlər beynəlxalq standartlar çərçivəsində öhdəliklərini qulaqardına vura bilməzlər”.

Martın 18-də Cenevrədə keçirilən mətbuat konfransında isə vurğulanıb ki, bir il əvvəl İsveçrə Federal Assambleyasının hər iki palatası İsveçrə Federal Xarici İşlər Departamentinə Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında sülh forumu təşkil etmək üçün təklif verib. Ancaq bir il sonra belə bir forum hələ də çağırılmayıb.

Vardan

İsveçrə-Ermənistan Assosiasiyasının fəxri prezidenti Sarqis Şahinyan isə bildirib ki, “İsveçrə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə təmin edilən yerli xalqların və onların öz müqəddəratını təyin etmək hüququnun qorunmasında fəal iştirak etməlidir. Neytral dövlət olaraq, İsveçrə onilliklərdir davam edən bu münaqişəyə ədalətli həll yolu tapmaqda konstruktiv rol oynamaq üçün əlverişli mövqedədir”.

Konfransda çıxış edən Sürixdə yerləşən Xristian Həmrəyliyi Beynəlxalq QHT-nin ictimaiyyətlə əlaqələr direktoru Joel Veldkamp bildirib ki, “Davamlı sülh etnik təmizləmə üzərində qurula bilməz”. O da qeyd olunub ki, qondarma komitənin iki üzvü Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının illik sessiyasında iştirak edir.

Xatırladaq ki, Oskanyan revanşist siyasətçilərdən biridir və beynəlxalq təsisatların kluarlarında veyllənir. O, bundan qabaq da ABŞ Konqresində görüşlərə can atmış, lakin təşəbbüsləri suya düşmüşdü. İndi də rəhbərlik etdiyi saxta komitə ermənilərin Qarabağdan könüllü gedişi ilə bağlı İsveçrədə məsələ qaldırmağa çalışır. Bu məsələdə SOCAR-ın törəmə şirkətinə şikayət ərizəsi göndərilməsi və enerji firmasını ittiham etmək isə gülüş doğurur.

Ümumiyyətlə, BMT-nin faktaraşdırıcı missiyası Qarabağda olub və heç bir etnik təmizləmə əlaməti aşkarlamayıb. Onu da demək lazımdır ki, İsveçrə son dövrlər anti-Azərbaycan mövqeyi ilə seçilir. “Saatlar ölkəsi” separatçılara dəstək verən qətnamələr qəbul edir və onların üzvlərinin tədbirlər təşkil etməsinə şərait yaradır.

Emil Salamoğlu
Musavat.com

Избранный
95
musavat.com

1Источники