ain.az, Azertag portalına istinadən məlumat verir.
Gəncə, 18 mart, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rektorun baş müşaviri Asif Cavadov çıxışında bildirib ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənməsi, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları Şəbnəm Quliyeva və Fidan İsmayılzadə tələbələrə proqrama müraciət və seçim prosesi, müraciət şərtləri, seçimin mərhələləri, iştirakçılara təqdim olunan imkanlar barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı olan bakalavr səviyyəsi üzrə sonuncu kurs tələbələri, magistratura səviyyəsində təhsil alanlar, son 3 il ərzində məzun olmuş şəxslər proqrama müraciət edə bilərlər. Proqramda iştirak üçün seçilmiş şəxslər Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri, tabe qurumlarının müxtəlif struktur bölmələri, regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər.
Diqqətə çatdırılıb ki, IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat linki (https://anket.edu.az/user/309) martın 31-dək aktivdir. İnfosessiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Müxbir - Elcan Məmmədov







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.