RU

Qlobal Bakı Forumu

Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İlham Əliyevin liderliyi ilə Azərbaycan qlobal dialoq və təhlükəsizlik platformasına çevrilib

Müasir beynəlxalq münasibətlər sistemində qlobal təhlükəsizlik, enerji sabitliyi, nəqliyyat bağlantıları və beynəlxalq hüquqa hörmət kimi məsələlər dünya dövlətlərinin gündəliyində əsas yer tutur. XXI əsrin mürəkkəb geosiyasi reallıqları göstərir ki, qlobal çağırışların həlli yalnız ayrı-ayrı dövlətlərin səyləri ilə deyil, geniş beynəlxalq dialoq, çoxtərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq mexanizmləri vasitəsilə mümkündür. Bu baxımdan son illərdə Azərbaycan beynəlxalq dialoq platformalarının yaradılması və qlobal müzakirələrin təşkili sahəsində mühüm təşəbbüskar dövlət kimi çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və praqmatik xarici siyasət kursu nəticəsində Bakı beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib. Bu siyasətin bariz nümunələrindən biri də artıq nüfuzlu beynəlxalq platformaya çevrilmiş Qlobal Bakı Forumudur. Azərbaycan Prezidentinin himayəsi altında keçirilən bu Forum təkcə region üçün deyil, bütövlükdə qlobal siyasi müzakirələr üçün mühüm platforma rolunu oynayır.

Martın 12-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq dialoqun və qlobal problemlərin müzakirəsinin aparıldığı mühüm siyasi platformalardan birinə çevrilib. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan bu Forumda dünyanın müxtəlif regionlarından tanınmış siyasi xadimlər, o cümlədən fəaliyyət göstərən və sabiq prezidentlər, baş nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, alimlər və ekspertlər iştirak ediblər. Bu fakt Forumun beynəlxalq nüfuzunun nə qədər yüksək olduğunu və Azərbaycanın qlobal siyasi proseslərdə oynadığı rolun getdikcə artdığını göstərir.

Prezident İlham Əliyevin liderliyi və Azərbaycanın qlobal dialoq təşəbbüsü

XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dünyada təhlükəsizlik, sabitlik və beynəlxalq əməkdaşlıq məsələlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. İlham Əliyevin çıxışı müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslərin dərin siyasi və geosiyasi təhlili ilə diqqət çəkib. Prezident uzun illərdir beynəlxalq platformalarda sülh, təhlükəsizlik və əməkdaşlıq prinsiplərinin təşviq olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Onun təşəbbüsü ilə təşkil olunan Qlobal Bakı Forumu artıq beynəlxalq ekspertlər tərəfindən Davos Forumu və Münhen Təhlükəsizlik Konfransı kimi nüfuzlu tədbirlərlə müqayisə olunan platformalardan biri hesab edilir.

Forumun təşkilində mühüm rol oynayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də Prezident İlham Əliyevin dəstəyi ilə qlobal səviyyədə nüfuz qazanmış beynəlxalq təşkilatlardan birinə çevrilib. Mərkəzin həmsədrlərindən olan İsmail Serageldin Forumun açılış mərasimində çıxış edərək qeyd edib ki, müasir beynəlxalq sistem ciddi dəyişikliklər, sınaqlarla üzləşir və bu kimi platformalar gələcək qlobal əməkdaşlıq modelinin formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin digər həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa da çıxışında Azərbaycanın bu təşəbbüsünün qlobal dialoq üçün mühüm platforma yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Qlobal Bakı Forumunun ideyasının formalaşması və həyata keçirilməsi məhz İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə mümkün olub. Bu fakt bir daha göstərir ki, Prezident İlham Əliyev yalnız regional lider deyil, həm də qlobal miqyasda dialoq və əməkdaşlığın təşviq olunmasına mühüm töhfə verən siyasi xadim kimi qəbul olunur.

Təhlükəsizlik və sülh siyasəti: Azərbaycanın təcrübəsi

Prezidentin çıxışında xüsusi diqqət yetirilən əsas mövzulardan biri beynəlxalq təhlükəsizlik və regional sabitlik məsələləri olub. Müasir dünyada artan geosiyasi gərginliklər, regional münaqişələr və beynəlxalq hüququn pozulması halları qlobal təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdır. Azərbaycan bu baxımdan özünəməxsus təcrübəyə malik ölkədir. Uzun illər işğal şəraitində yaşamış Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn əsas prinsiplərini təmin edib. İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan əvvəlcə hərbi-siyasi yollarla ərazi bütövlüyünü təmin etmiş, sonra isə regionda sülhün bərqərar olunması üçün siyasi təşəbbüslərlə çıxış etmişdir.

Bu siyasətin nəticəsi olaraq regionda yeni geosiyasi reallıq formalaşmış və Azərbaycanla Ermənistan arasında sülh prosesinin başlanması mümkün olmuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülhə nail olmaq yalnız siyasi iradə və qarşılıqlı anlayış sayəsində mümkündür. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Enerji təhlükəsizliyi və Azərbaycanın qlobal enerji siyasəti

İlham Əliyevin çıxışında toxunulan mühüm məsələlərdən biri də enerji təhlükəsizliyi olub. Müasir dünyada enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, dövlətlərin milli təhlükəsizlik strategiyasının əsas elementlərindən biridir. Azərbaycan bu sahədə mühüm qlobal aktor kimi çıxış edir. Ölkə həm neft, həm təbii qaz, həm də elektrik enerjisi istehsalı və ixracı sahəsində geniş imkanlara malikdir. Azərbaycan qazının Avropa bazarına ixracı qlobal enerji bazarında mühüm rol oynayır və bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Son illərdə Azərbaycanın enerji siyasəti daha da genişlənib və yeni istiqamətləri əhatə etməyə başlayıb. Ölkə yalnız enerji istehsalçısı kimi yox, enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi də tanınır.

Nəqliyyat və qlobal bağlantı: Azərbaycanın strateji mövqeyi

Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan digər mühüm mövzu nəqliyyat və logistika infrastrukturu oldu. Müasir qlobal iqtisadi sistemdə nəqliyyat dəhlizləri və logistika marşrutları dövlətlərin geoiqtisadi rolunu müəyyən edən əsas amillərdən biridir. Azərbaycan bu sahədə mühüm nailiyyətlər əldə edib. Ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri nəticəsində ölkə Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilib. Bu layihələr yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsüylə həyata keçirilən nəqliyyat layihələri Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir.

XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq dialoq və qlobal əməkdaşlıq platformalarının təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir. Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyi sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqe qazanıb. Qlobal Bakı Forumu yalnız siyasi müzakirələrin aparıldığı tədbir deyil, eyni zamanda qlobal problemlərin həlli üçün ideyaların və təşəbbüslərin formalaşdırıldığı mühüm platformadır. Bu platformanın Bakıda keçirilməsi Azərbaycanın qlobal diplomatiyada oynadığı rolun artmasının bariz göstəricisidir.

İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq nəqliyyat bağlantılarının inkişafında və regional sabitliyin qorunmasında mühüm rol oynayan dövlətlərdən biridir. Azərbaycanın təşəbbüsü ilə təşkil olunan Qlobal Bakı Forumu isə dünya dövlətləri arasında dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm beynəlxalq platforma kimi öz mövqeyini daha da möhkəmləndirməkdədir.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
100
1
yeniazerbaycan.com

2Источники