Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan iyunun 7-də keçiriləcək seçkilərdə müxalifətdəki Hayastan blokunun baş nazirliyə namizədi olub.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hərbi cinayətkar və terrorçu Robert Köçəryanın namizəd göstərilməsi müharibə tərəfdarlarının yenidən hakimiyyətə gəlməsi kimi qiymətləndirilə bilər:
"Ancaq bir neçə məsələni diqqətlə təhlil etmək lazımdır. Köçəryan xarici dəstək olmadan, sadəcə ölkə daxilində müharibəpərəstlərin mövqeyini ifadə etmək üçünmü namizədliyini irəli sürüb, yoxsa əvvəlcədən xaricdə yaşayan erməni lobbisi, Ermənistanı dəstəkləyən Rusiyadakı bəzi imperialist qüvvələr tərəfindən dəstəklənərəkmi namizədliyini irəli sürüb? Əsas sual bundan ibarətdir. Ona görə də hadisələrin inkişafı prosesində biz bu məsələnin necə olduğunu görəcəyik. Hələlik bir qiymətləndirmə aparmaq tezdir. Amma bu, seçkiqabağı proseslərin radikallaşması və seçkinin çox gərgin keçməsi ilə nəticələnəcək".
Millət vəkili Robert Köçəryanın sona qədər namizəd olacağına inanmır:
"Seçkinin müəyyən mərhələsində daşnakları və radikalları birləşdirərək, sonra geri çəkilib tamamilə onları başqa bir namizədə səs verməyə çağıra bilər. Mənə elə gəlir ki, bütün bu versiyaların və yaxud ssenarilərin hansının baş tutacağını namizədlər tam qeydiyyata alındıqdan sonra, seçki mənzərəsi tam olaraq formalaşdıqdan sonra daha dəqiq qiymətləndirə bilərik. Əgər Köçəryan sona qədər namizəd olarsa, onun parlamentə düşməsi və sonrakı hakimiyyətin formalaşması prosesində iştirak etməsi real görünmür. Çünki üzdə nə qədər Ermənistan cəmiyyətində müharibə tərəfdarlarının sayı çox olsa da, arxa planda 44 günlük müharibədə Azərbaycanın nəyə qadir olduğunu gördükləri üçün ürəklərində müharibə istəmirlər".
H.Babaoğlu bildirdi ki, müharibə partiyasının və yaxud müharibəni dəstəkləyənlərin seçkilərdə qələbə əldə etməsi çox çətin görünür:
"Ancaq biz istərdik ki, Köçəryan hakimiyyətə gəlsin və biz onu həbs edib həmkarları olan Arkadi Qukasyanın, Arayik Harutyunyanın yanına gətirək. Müharibə tərəfdarları əmin olmalıdırlar ki, əgər radikal ritorika hakim olacaqsa və Köçəryan hakimiyyətə gəlib hansısa addımlar atmağa çalışacaqsa, 20 sentyabr 2023-cü ildə olduğu kimi, Azərbaycan 24 saatlıq lokal antiterror əməliyyatı həyata keçirərək həm Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvasına maneəsiz şəkildə qayıtmasını təmin edəcək, həm də Köçəryanı haqq etdiyi yerə — Arayik Harutyunyanın, Ruben Vardanyanın, Arkadi Qukasyanın, Bako Saakyanın yanına gətirəcək".
Aytəkin TOFİQQIZI