RU

Agentlik sədri: Standartlaşdırma sisteminin təkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusi rol oynayır

Bakı, 18 mart, AZƏRTAC

Son dövrlərdə ölkəmiz qlobal miqyaslı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bu tədbirlərə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29), XIII Qlobal Bakı Forumunu və digərlərini nümunə göstərə bilərik. Belə qlobal miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq platforması kimi rolunun güclənməsinə, iqtisadi, sosial və mədəni potensialının dünyaya təqdim olunmasına mühüm töhfə verir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu tədbirlər ölkəmizin təşkilati imkanlarını və müasir idarəetmə yanaşmalarını nümayiş etdirməklə yanaşı, müxtəlif sahələrdə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqini də təşviq edir.

“Ölkəmizin ev sahibliyi edəcəyi növbəti beynəlxalq tədbir BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasıdır (WUF13). Bu forum şəhərsalma, dayanıqlı urban inkişaf və yaşayış mühitinin yaxşılaşdırılması sahəsində beynəlxalq ekspertləri, dövlət və özəl sektor nümayəndələrini bir araya gətirən qlobal platformadır. WUF13 ölkəmizin şəhər idarəçiliyi, innovativ infrastruktur layihələri və ekoloji davamlılıq sahəsindəki təcrübəsini dünyaya təqdim etməyə, eyni zamanda digər ölkələrin qabaqcıl urban təcrübələrinin öyrənilməsi və tətbiqinə imkan yaradır. Əminliklə deyə bilərik ki, WUF13 və bu silsilədən olan beynəlxalq tədbirlərin təşkili yalnız yüksək təşkilati səviyyə ilə deyil, eyni zamanda, ekoloji məsuliyyət, sosial inklüzivlik və iqtisadi səmərəlilik prinsiplərinin təmin olunması ilə də xarakterizə olunur. Məhz bu prinsiplərin təmin edilməsində standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Elnur Bağırov vurğulayıb.

Dövlət Agentliyinin sədri bildirib ki, standartlaşdırma yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir. Belə ki, müasir tələblərə cavab verən malların və xidmətlərin istehsalı, onların keyfiyyətinin təmin edilməsi, rəqabətədavamlılığının artırılması, habelə dünya bazarına çıxışının təmini üçün keyfiyyət infrastrukturunun əsasını təşkil edən standartlaşdırma sisteminin təkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusi rol oynayır. Son illərdə ölkəmizdə standartlaşdırma sahəsində həyata keçirilən təşəbbüslər dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını şərtləndirir: “Dünya iqtisadiyyatının qloballaşması ilə ölkələr arasında ticarət daha da intensivləşir ki, bu da məhsul və xidmətlərin müxtəlif bazarlarda qəbul edilməsini və bir-biri ilə uyğunluğunu təmin etmək məqsədilə beynəlxalq standartların qəbulunu zəruri edir. Beynəlxalq standartlar əsasında milli standartların qəbulu malların təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasına, insan sağlamlığının qorunmasına və ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, onların rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına da mühüm töhfə verir. “Tədbir davamlılığının idarəetmə sistemləri - Tələblər və istifadə üçün təlimat” dövlət standartının qəbul edilməsi mühüm addımdır. Sözügedən standart ISO beynəlxalq standartı əsasında hazırlanıb və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə əməkdaşlıq nəticəsində qəbul edilib. Əminəm ki, BMT-nin Davamlı İnkişaf Məqsədləri, eləcə də BMT-nin Məskunlaşma Proqramının yanaşmaları ilə tam uyğunluq təşkil edən bu standartın tətbiqi, ölkəmizdə tədbir sənayesinin daha müasir, məsuliyyətli və davamlı əsaslarla inkişafına mühüm töhfə verəcək”.

Fotoqraf - Azər İbrahimov

Video - Namiq Abdullayev

Избранный
35
3
azertag.az

4Источники