RU

Azərbaycan diasporunun İzmirdəki nümayəndələri Torpaq çərşənbəsini birlikdə qeyd ediblər

İstanbul, 18 mart, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İzmir şəhərinə səfəri çərçivəsində azərbaycanlı ziyalılar, elm və incəsənət nümayəndələri, eləcə də Azərbaycan diasporunun buradakı təşkilat rəhbərləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəl Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.

Mərasim Azərbaycan Diasporuna Dəstək Fondu, İzmir Valiliyi, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, İzmir Böyükşəhər Bələdiyyəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) əməkdaşlığı ilə ərsəyə gəlib.

Toplantıda çıxış edən TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə iki ölkə arasındakı həmrəylikdən danışaraq bu birliyin tarixi əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə danışaraq bu istiqamətdə ortaq fəaliyyətin vacibliyini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyətinin əsas hədəfləri, xaricdəki diaspor təmsilçilərimiz arasında koordinasiyanın artırılmasının vacibliyi, türkdilli ölkələrin diasporları üçün təcrübə mübadiləsi, fərqli ölkələrdəki Azərbaycan Evlərinin fəaliyyəti kimi mövzularda danışıb.

Sədr dünyanın 20 ölkəsində 32 Azərbaycan Evinin, 44 ölkə üzrə 16 Koordinasiya Şurasının xidmət göstərdiyini, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının isə Türkiyə üzrə bu koordinasiyanın əsasını təşkil etdiyini deyib.

O, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Zəfər (V) Qurultayındakı çıxışını xatırladaraq ölkə başçısının Şuşada keçirilən bu tədbirdə dünya azərbaycanlılarına tövsiyələri barədə danışıb.

İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay çıxışında İzmir ilə Bakı arasındakı qardaş şəhərlər statusunun artıq 40 ildən artıq davam etdiyini xatırladaraq, Qarabağ Zəfəri və Azərbaycan ilə Türkiyə arasındakı tarixi bağlardan danışıb.

Bu il Novruz Bayramının Türkiyədə rəsmi olaraq ilk dəfə qeyd ediləcəyini xatırladan bələdiyyə sədri bu kimi mərasimlərin xalqların milli identikliyinin qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.

Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı fikirlərini, eləcə də 44 günlük Vətən müharibəsi və şanlı Qarabağ Zəfərini özündə əks etdirən videoçarxlar nümayiş olunub.

Sonra iştirakçıkarın sual və təklifləri dinlənilib.

Mərasim çərçivəsində Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Eşref Tuna və müstəqil jurnalist Nigar Abdullayeva (Ogeday) “Diaspor fəaliyyətində xidmətə görə”Azərbaycan Respublikasının medalı ilə təltif ediliblər.

Tədbir bədii hissə ilə davam edib.

Sənətçi Roza İbadova Kocamazın təqdimatında baş tutan konsert proqramında Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadə, tarzən Səxavət Məmmədov, kaman ustası Niyaməddin Allahverdiyev, piano ifaçısı Rəcəb Zeynalov, nağara ifaçısı Vəfadar Ramizzadə, eləcə də xanəndələr Gülzar Fərəcova və Elgiz Əliyevin ifaları dinlənilib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

Избранный
97
1
azertag.az

2Источники