RU

Sağlığında qiymət verin insanlara ... Sənətkarlar yaşamalıdır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bəzən bir xəbər sadəcə xəbər olmur. O, bütöv bir nəslin xatirələrini, uşaqlığını, gəncliyini və mədəni yaddaşını oyadır. Xalq artisti Rasim Balayev haqqında yayılan son məlumatlar da məhz belə xəbərlərdən biridir.

Şükür ki, xəbərlər ümidvericidir. Tanınmış şair Baba Vəziroğlu bildirib ki, sənətkarın müalicəsi demək olar yekunlaşmaq üzrədir və yaxın günlərdə Novruz bayramı ərəfəsində vətənə qayıtması gözlənilir. Bu xəbər təkcə onun ailəsini və yaxınlarını deyil, onu illərlə ekranlarda görüb sevən minlərlə insanı sevindirdi. Çünki bəzi insanlar sadəcə aktyor olmur. Onlar bir dövrün simasına çevrilir. Rasim Balayev Azərbaycan kinosunun yaddaşına həkk olunmuş adlardan biridir. Onun yaratdığı obrazlar sadəcə rollar deyildi onlar bütöv bir nəsli formalaşdıran obrazlar idi. Onun baxışı, səsi, duruşu ekran qarşısında böyüyən neçə-neçə insanın yaddaşında qalıcı iz qoyub. Bu səbəbdən belə sənətkarların səhhəti ilə bağlı xəbər gələndə cəmiyyət də narahat olur. Çünki onlar artıq yalnız öz ailələrinin yox, bir millətin mənəvi sərvətinə çevrilirlər.

Bəzən biz sənətkarların qiymətini onları itirmək təhlükəsi ilə üz-üzə qalanda anlayırıq. Halbuki onların dəyəri sağlığında verilməlidir. Onlar səhnədə, ekranda və həyatda olduqları müddətdə cəmiyyətin diqqətini, qayğısını və hörmətini hiss etməlidirlər.

Sənət adamı yalnız rol oynayan insan deyil. O, xalqın hisslərini ifadə edən, tarixini və kimliyini ekranlara və səhnələrə daşıyan bir körpüdür. Buna görə də belə insanların sağlamlığı və həyatı sadəcə şəxsi məsələ sayılmamalıdır.

Cəmiyyətlər öz böyük sənətkarlarına münasibəti ilə ölçülür. Bu gün Rasim Balayevin səhhətinin yaxşılaşması xəbəri hamı üçün sevindirici bir xəbərdir. Bu, sadəcə bir aktyorun müalicəsinin uğurla davam etməsi demək deyil. Bu, həm də bir dövrün, bir məktəbin və bir yaddaşın yaşamağa davam etməsi deməkdir.

Biz çox vaxt deyirik ki, sənət ölmür. Doğrudur, sənət yaşayır. Amma sənəti yaradan insanlar da yaşamalıdır. Çünki onlar yaşadıqca yaddaşımız da yaşayır. Sənətkarlar yaşamalıdır...

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
bizimyol.info

1Источники