“Mingəçevir” qapıçısı Orxan Sadıqlı ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb,
Mövsümün başa çatmasına 9 tur qalmış qolkiperin göndərilməsi şübhələr yaradır. Həm də nəzərə almaq lazımdır ki, O.Sadıqlı “Mingəçevir”də kapitan sarğısını daşıyırdı.
I Liqanın 18-ci turunda “Mingəçevir” öz meydanında “Səbail”ə 0:1 hesabı ilə məğlub olub. Qurban Səfərovun 45-ci dəqiqədə fərqləndiyi epizodda meydan sahiblərinin qapıçısı kobud səhvlə yadda qalmışdı.
Əgər “Mingəçevir” “Səbail”lə görüşdə qalib gəlsəydi, xallarının sayını 35-ə çatdırıb “dənizçilər”i 5 xal qabaqlayacaq və 2-ci yerə iddialarını artırmış olacaqdı.
Ramiz Məmmədovun komandası hazırda 32 xalla 4-cü yeri tutur və 2-ci yerdə gedən “Baku Sportinq”dən 4, 3-cü pillədəki “Səbail”dən isə bir xal geri qalırlar.