RU

Xətai irsi məktəbdə - Müasir dərs modeli

Klassik Azərbaycan ədəbiyyatında görkəmli nümayəndələrindən olan Şah İsmayıl Xətai lirik və epik növdə yüksək ideya-bədii dəyərə malik əsərlər yazıb. Səfəvilər sülaləsinin görkəmli nümayəndəsi olmuş, üç dildə ədəbi irs qoymuş şairin lirikasında əruz vəznində qəzəl,qəsidə, qitə, mürəbbe, tərcibənd, rübai, heca vəznində tuyuğ, gəraylı, qoşma, varsağı, bayatı janrlarında əsərlər mühüm yer tutur. O, xalq poeziyasına müraciət edən ilk divan şairi kimi tanınıb.

Məktəb təcrübəsinin öyrənilməsi göstərir ki, müasir ədəbiyyat dərslərində şairin həyat və yaradıcılığının tədrisində interaktiv təlim metodlarından geniş istifadə olunur.

8-ci sinifdə ədəbiyyat dərslərində sənətkarın “Dəhnamə”poemasının “Bahariyyə” hissəsində interaktiv metodlar, fərdi, cütlük, kiçik qrup şəklində iş formaları tətbiq edilərək əsərin ideya-məzmunu, bədii dil xüsusiyyətləri şagirdlərə dərindən mənimsədilir. Motivasiya, problemin qoyuluşu.Bu mərhələdə şagirdləri yeni biliyin dərindən qavranılmasına sövq edən dərslikdəki ”Yada salın”,”Düşünün” başlıqlı tapşırıqların üzərində işin təşkili faydalıdır.Şagirdlərin diqqətini yeni biliyin mənimsənilməsinə yönəltmək üçün onlara aşağıdakı məzmunda suallarla müraciət edilir:

- Bahara həsr olunmuş hansı əsərləri tanıyırsız?

- Bu əsərlərdə diqqətinizi ən çox çəkən nə olub?

Şagirdlərin cavabları dinlənilir və müzakirə edilir.

Dərsdə Xətai obrazını vizual şəkildə şagirdlərin yaddaşına həkk etmək üçün bir əlində onu vətənpərvər, tarixin şanlı səhifələrində yaşayacaq tarixi qəhrəman kimi qılınc, digər əlində isə onu qüdrətli sənıətkar kimi səciyyələndirən qələm olan şəkli nümayiş etdirilir.Tədqiqat sualı. Bəs siz necə tarixin səhifələrində yaşayan qəhrəmanmı, yoxsa qələmi ilə şöhrət tapan şairmi olmaq istərdiniz? Cavablar dinlənilərək, müzakirə edilərək sonrakı mərhələyə keçilir.

Tədqiqatın aparılmasına şeirin oxunulması ilə başlanılır. Oxunu müxtəlif yollarla həyata keçirmək mümkündür.Dərslikdə göstərilmiş üsul şagirdlərin tədqiqat bacarığının artması baxımından daha əlverişlidir. Əsərin fərdi oxusu üçün vaxt təyin edilir, mənası aydın olmayan ifadələrin izah olunması,məcazların qeyd edilməsi, məzmunla bağlı şagirdlərə özlərini düşündürən sualları dəftərlərində və ya iş vərəqlərində yazmaq təklif edilir.

Venn diaqramı vasitəsilə Xətainin lirik şair obrazı ilə hökmdar obrazının müqayisəli təhlilini aparmaq şagirdlərin təfəkküründə daha yaddaqalan obraz kimi saxlamağa gətirib çıxarır.Beyin həmləsi metodunda isə “Xətainin Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmasının tarixi əhəmiyyəti nədir?”sualı ətrafında şagirdlər düşünməyə sövq edilir.

Bu mərhələdə müəllim Venn diaqramı, şaxələndirmə, müzakirə metodlarından istifadə edərək şagirdlərdə əsərin bütövlükdə məzmunu üzrə təsəvvürün dolğunlaşması, birtərəfli, səhv anlaşılmış məqamların aydınlaşdırılması, təshihi üzrə iş təşkil edir.

İşin bu məzmunda təşkili eyni zamanda müəllimin qarşısında nüəyyən tələblər qoyur. O, özü əsərin məzmununu mükəmməl bilməli, hansı məqamların şagirdlər tərəfindən müstəqil qavranılmasının çətin olduğunu əvvəlcədən müəyyənləşdirməlidir. Müəllim dərsə hazırlaşarkən əsərin məzmununu ardıcıl əhatə edən, bir-birini tamamlayan suallar hazırlamalıdır.Kiçik qruplara “Bahariyyə”dən beytlər yazılmış iş vərəqləri paylanılır.Beytlərin mənasının aydınlaşdırlması və təhlili tapşırığı verilir. Burada kublaşdırma metodundan istifadə edilməsi faydalıdır. Bu üsul problemin hərtərəfli araşdırılmasına kömək edir. Kubun hər bir üzünə mövzu ilə bağlı suallar yazılır.Ümumi 6 sual olur və onlar problemi müstəqil araşdırmağa kömək edir.Suallar ardıcıllıqla olmalı, cavablar axtarılıb tapıldıqdan sonra iş vərəqində qeyd olunmalıdır.Aşağıdakı nümunəyə nəzər salaq.

Qış getdi, yenə bahar gəldi

Gül bitdivü laləzar gəldi

Quşlar qamusu fəğanə düşdü,

Eşq оdu yenə bu canə düşdü.

1.Şair niyə şeirdə məhz bahar fəslini tərənnüm edir?

2.Quşların cana gəlməsi ilə eşq odunun cana düşməsi nə üçün vəhdətdə verilir?

3.Şair əsərdə ilahi eşqdənmi yoxsa dünyəvi eşqdən yazıb?

4.Bu əsər hansı poemanın tərkib hissəsidir?

5. Əsərdə hansı bədii təsvir və ifadə vasitələrində istifadə edilmişdir?

Müzakirə zamanı aydınlaşdırılır ki, əsərdə yazın gəlməsi ilə eşq odunun da cana düşməsi təbiətin oyanışı ilə insanın daxili aləmindəki coşğunu vəhdətdə təqdim edir. İlk iki misrada qışın bitməsi, baharın gəlişi və güllərin açılması ilə cahanın da bir lalə bağçasına dönməsi təsvir olunmuşdur.Bu klassik ədəbiyyatda eyni zamanda yenilənmə simvoludur.Quşların “fəğanə düşməsi” yalnız təbiət hadisəsi deyil, həmçinin bir həsrətin, sevincin ifadəsidir. Bədii təsvir və ifadə vasitələri ilə zəngin olan beytlərdə eşq motivi son misrada “eşq odunun bu canə düşməsi” ilə baharın gəlişi şəklində vəhdətdə götürülür. Müəllimin dərsdə əsərin təhlilində interaktiv təlim metodlarından, iş formalarından məqsədyönlü istifadə etməklə təlimin səmərəliliyini, şagirdlərin dərsdə fəallıq və müstəqillik göstərməsini təmin edir.

Vüsalə Babayeva

Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura üzrə 2-ci kurs tələbəsi

Избранный
68
missiya.az

1Источники