RU

Əli Əhmədov uşaqpulunun verilməsini istəyir? - Müxalifətdən dəstək gəldi

Milli Məclis sədrinin birinci müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı bildirib ki, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur.

O xatırladıb ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında oldu: “2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 milyondan çox uşaq təhsil alırdı. Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər”.

Ə.Əhmədov vurğulayıb ki, bir neçə onillikdən sonra isə pensiya alan əhali ilə əmək qabiliyyətində olan əhali arasında nisbət ciddi şəkildə dəyişə bilər:

“Bu isə iqtisadiyyatımıza və sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq”.

Ə.Əhmədovun fikirlərinə münasibət bildirən Ağ Partiyanın başqanı Tural Abbaslı deyib ki, hazırda ölkədə demoqrafik artımın stimullaşdırılması üçün heç bir imtiyaz yoxdur:

“Nə əcəbsə Əli Əhmədov bu məsələni gündəmə gətirib. Yenə də sağ olsun. Demoqrafik azalma mövzusu qarşısında uşaqpulu problemlərdən sadəcə biridir. Bu, cəmiyyət arasında iqtisadi faktordan daha çox psixoloji faktora çevrilib. Biz dəfələrlə bildirmişik ki, hər uşağa 18 yaşınadək 100 manat verilsə, Azərbaycanda büdcəyə illik əlavə 2 milyard manat yük düşür. Bunun sayəsində ən azından gənc və azuşaqlı ailələr üçün bir stimul olacaq ki, heç olmasa ayda 100 manata alacağıq. Hazırda ümumiyyətlə uşaqpulu verilmir və bütün demək olar ki, bütün imtiyazlar ləğv olunub. Dünyanın bir çox ölkələrində doğum stimullaşdırılır. Yəni əhalinin sayının artırılması üçün dövlətlər addım atır. Amma Azərbaycanda vəziyyət əksinədir. Hökumətin son 10-12 ildə atdığı addımlar bu məsələni çox ağır bir vəziyyətə gətirib çıxardı. Hətta yeni doğulan uşağa şəxsiyyət vəsiqəsinin alınması belə ödənişlidir. Təsəvvür edin, sizin övladınız dünyaya gəlir və siz ona şəxsiyyət vəsiqəsi almaq üçün 15-20 manat ödəniş edirsiniz”.

T.Abbaslı söyləyib ki, əslində məsələ təkcə uşaqpulu ilə yekunlaşmır:

“Xatırlayırsınızsa, deputat Siyavuş Novruzovun bir çıxışı oldu. O dedi ki, uşaqpulu uşaq doğulmayan ölkələrdə verilir. Bunlar düşünür ki, bizdə uşaq doğulursa, niyə stimullaşdıraq? Təcili sürətdə kifayət qədər ciddi stimullaşdırıcı addımlar atılmasa, demoqrafik vəziyyət daha bərbad duruma düşəcək. Bu sahədə addımlar kompleks şəkildə aparılmalıdır. Təkcə uşaqpulu ilə iş bitmir”.

Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə bildirib ki, parlamentdə bu məsələ ciddi şəkildə müzakirəyə çıxarılmalıdır:

“Ola bilsin ki, Əli Əhmədov çıxışında uşaqpulu məsələsini nəzərdə tutub, ancaq problem təkcə bu deyil. Bəzi ölkələrin təcrübəsi də göstərir ki, yalnız uşaqpulunun verilməsi ilə demoqrafik məsələ həll olunmur. Məsələn, Avropa ölkələrində uşaqpulu ilə yanaşı, pulsuz uşaq bağçaları, güzəştli mənzil satışı və s. imtiyazlar var. Bu məsələyə kompleks şəkildə baxmaq lazımdır. Parlament müzakirələrində məhz bu məsələ önə çıxarılmalıdır. Bir tək uşaqpulu ilə bunun həll olunacağını düşünmürəm. Uşaqpulunun verilməsinin ciddi dəstəyi ola bilər, amma 2-3 yaşına qədər uşaqlar üçün pulsuz bağçaların olması, gənc ailələrin mənzilə çıxış imkanlarının genişləndirilməsi kimi güzəştlər olmalıdır”.

İqtisadçının fikrincə, demoqrafik problem cəmiyyətin gələcəyi üçün çox ciddi təhdiddir:

“Müstəqilliyimizin ilk ilində ölkəmizdə 192 min uşaq doğulmuşdu. İndi bu rəqəm 100 mindən aşağıdır. Nəzərə alaq ki, həmin vaxt əhalinin sayı 7.5 milyon idi, indi isə 10 milyondur. Demoqrafik problem cəmiyyətin gələcəyi üçün çox ciddi təhdiddir. Ümid edək ki, cəmiyyəti və insanlarımızı narahat edən bu məsələ, parlamentin, hökumətin gündəliyində olacaq. Çox güman ki, bu ilin may-iyun aylarında büdcəyə yenidən baxılacaq. Həmin müddətə qədər uşaqpulu məsələsi ciddi müzakirə olunsa, büdcəyə bununla bağlı əlavə və düzəlişlər etmək mümkündür”. /yenisabah.az/

Избранный
2
2
turkustan.az

3Источники