RU

Hərbi ekspert: Tramp hansısa ölkələri İranla müharibəyə qata bilər

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“ABŞ indiyə qədər apardığı müharibələrdə koalisiya formalaşdırıb. Buna nümunə kimi İraq müharibəsi, Əfqanıstan əməliyyatı və ya İŞİD-ə qarşı koalisiyanı göstərə bilərik. Ancaq bu dəfə ABŞ prezidenti Donald Tramp müttəfiqlərlə məsləhətləşmədən İrana qarşı müharibəyə başlayıb. İndi isə istədiyi nəticəni əldə edə bilməyəndə, digər dövlətləri Hörmüz boğazının açılmasında iştirak adı ilə köməyə çağırır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə müttəfiqlərinin və NATO ölkələrinin İran müharibəsində ABŞ-a dəstək verib-verməyəcəyi ilə bağlı suala cavabında deyib.

Hərbi ekspert bildirib ki, bir tərəfdən ABŞ ordusu Britaniya hava bazalarından iştirak edərək İrana hücuma keçir, digər tərəfdən isə Tramp Londonu ona dəstək verməməkdə ittiham edir. Bu baxımdan ABŞ-ın ənənəvi müttəfiqi olan dövlətlərin prezident Trampa inamı yoxdur.

D. Trampa inamın itdiyini deyən A. İsazadənin sözlərinə görə, təsəvvür edin ki, hansısa dövlət İranla müharibəyə başlayır və ABŞ-ı müdafiə etdiyini bildirir, bundan iki gün sonra Tramp müharibənin başa çatdığını elan edir. Ekspertin fikrincə, reallıqda bu kimi hallar mümkündür:

“Odur ki, dövlətlər ya ehtiyat edir, ya da Fransa kimi davranır. Məsələn, Fransa elan edib ki, onun aviadaşıyıcısı artıq körfəzə gedir. Reallıqda isə həmin aviadaşıyıcı bir həftədən çoxdur ki, Aralıq dənizində ilişib qalıb.

Britaniya da bildirib ki, bölgəyə aviadaşıyıcı göndərir, amma həmin gəmi hələlik portdan çıxmayıb. Qısası, heç bir dövlət məqsədi aydın olmayan müharibəyə girişmək istəmir”.

İsazadə əlavə edib ki, dövlətlərin müharibəyə qatılmaq istəməmələrinin digər səbəbləri də var:

“Bu müharibədə Trampı maraqlandıran məsələlərdən biri də İran neftidir. Düşünün ki, dövlətlər Trampa dəstək verir və qələbə qazanırlar. Ancaq istisna deyil ki, sabah Tramp qələbəni özü qazandığını deyərək, onu heç kimlə bölüşməyəcək. Eyni zamanda nəticələri də özü əldə edəcək. Yəni belə problemli məqamlar var. Təsəvvür edin ki, Trampın oğlu Ukraynada dron layihələrində iştirak edir, amma Tramp elan edir ki, ona Ukrayna dronları lazım deyil”.

Hərbi ekspert ehtimal edir ki, Tramp təzyiqlər vasitəsilə hansısa ölkələri İran qarşı müharibəyə qata bilər: “Ancaq dövlətlər çalışırlar ki, bu prosesdə ya iştirak etməsinlər, ya da mümkün qədər gec iştirak etsinlər, formal yanaşma sərgiləsinlər və s. Çünki hamı bilir ki, Tramp müharibədən çıxmaq istəyir, amma bu, indiki halda mümkün deyil. Digər tərəfdən, deyilənə görə, indi ABŞ quru qoşunları əraziyə gətirilir. Bu, İrana quru üzərindən müdaxilə mənasını verir. Bu baş verərsə, ABŞ üçün daha pis olacaq və İranda ilişib qalacaq”.

Nemət ORUCOV

Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
reyting.az

1Источники