RU

Qlobal Bakı Forumu yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə töhfə verib – ŞƏRH

Bakı, 17 mart, AZƏRTAC

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun əhəmiyyəti olduqca böyükdür. Ölkəmiz növbəti dəfə mötəbər qonaqların iştirakı ilə vacib bir tədbirə ev sahibliyi etməklə qlobal miqyasda baş verən proseslərə dair vacib fikirlərin səsləndiyi mühüm platforma kimi çıxış edib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

O deyib ki, Forum prezidentlərin, baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca vacib bir platformadır: ”Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan mürəkkəb proseslərə də diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda dünya siyasi, iqtisadi və texnoloji transformasiyaların təsiri altında yeni mərhələyə qədəm qoyur. Həmin proseslər qlobal təhlükəsizlik arxitekturasına, beynəlxalq hüquq sisteminə və dövlətlərarası münasibətlərə ciddi təsir göstərir. Prezident vurğulayıb ki, belə bir şəraitdə qarşılıqlı hörmətə, beynəlxalq hüququn prinsiplərinə və çoxtərəfli əməkdaşlığa əsaslanan dialoq mexanizmləri xüsusi əhəmiyyət kəsb edir”.

Sevinc Hüseynova vurğulayıb ki, Forumda qlobal səviyyədə artan çağırışların yalnız kollektiv yanaşma və çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilə biləcəyi bir daha bəyan edilib: “Xüsusilə iqlim dəyişiklikləri, enerji resurslarının təhlükəsiz və dayanıqlı istifadəsi, beynəlxalq ticarət əlaqələrinin inkişafı, qlobal səhiyyə problemləri və humanitar böhranlar kimi məsələlər dünya dövlətlərinin birgə səylərini tələb edən əsas istiqamətlər kimi qeyd olunub. Forum çərçivəsində keçirilən müzakirələr göstərib ki, müasir dövrdə qlobal problemlərin həlli üçün beynəlxalq təşkilatların fəaliyyətinin daha da gücləndirilməsi, regional əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi və dövlətlər arasında etimad mühitinin möhkəmləndirilməsi zəruridir. Bu baxımdan Qlobal Bakı Forumu kimi platformalar müxtəlif baxışların qarşılıqlı anlaşma və dialoq mühitində müzakirə olunmasına şərait yaradır”.

Deputat diqqətə çatdırıb ki, bütün bunların fonunda Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricilərindən biridir. Bu cür mötəbər tədbirlərin Bakı şəhərində təşkil olunması ölkəmizin qlobal dialoq mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan müxtəlif beynəlxalq təşəbbüslər vasitəsilə qlobal problemlərin həllinə töhfə vermək, dövlətlər və xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirmək istiqamətində fəal fəaliyyət göstərir.

”Bu xüsusda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu qlobal miqyasda dialoq və əməkdaşlığın təşviqinə xidmət edən mühüm beynəlxalq platforma kimi bir daha öz əhəmiyyətini nümayiş etdirib. Forum çərçivəsində aparılan müzakirələr beynəlxalq ictimaiyyət üçün aktual olan məsələlərin daha dərindən təhlilinə, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və qlobal problemlərin həlli istiqamətində ortaq yanaşmaların formalaşdırılmasına mühüm töhfə verib”, - deyə Sevinc Hüseynova qeyd edib.

Müxbir – Göyçək Mahmudlu

Избранный
39
1
azertag.az

2Источники