RU

5 manata alma – Qiymətlər niyə bu qədər artıb?

Son günlər bazarda diqqət çəkən əsas məsələlərdən biri meyvə və tərəvəzlərin qiymətində kəskin artımdır. Qış aylarında 3 kilosu 1 manata satılan alma hazırda demək olar ki, 1 manat 20 qəpikdən aşağı tapılmır. Keyfiyyətli alma almaq istəyənlər isə kilosuna 1 manat 50 qəpikdən başlayaraq 2 manat 20 qəpik, hətta 5 manata qədər ödəməli olurlar.

Eyni vəziyyət armud satışında da müşahidə edilir. Ən ucuz armudun qiyməti 2 manatdan başlayır, sulu və keyfiyyətli armudun qiyməti isə 4 manata qədər yüksəlib. Mandarinin qiyməti 2 manat 50 qəpik – 3 manat, bananın qiyməti isə 2 manat 20 qəpikdən 3 manata qədər dəyişir. Mövsümü olmasa da bazarda satılan üzümün qiyməti də 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər qalxıb.

Bəs qiymətlərin bu qədər artmasının səbəbi nədir?

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov Musavat.com-a bildirib ki, əsas səbəb bazarda tələb və təklif balansının pozulmasıdır. Onun sözlərinə görə, bu, təkcə Azərbaycana aid deyil, regional xarakter daşıyan bir problemdir:

“Ötən il havaların sərt keçməsi, xüsusilə aprel ayında Türkiyədə meyvə bağlarına ciddi ziyan vurması bazarda vəziyyətə təsir etdi. Türkiyə əsas ixracatçılardan biri idi və Rusiya, ərəb ölkələri kimi bazarlara daha çox məhsul çıxarırdı. Bu il həmin bazarlarda tələbatın bir hissəsini Azərbaycan istehsalçıları qarşılayır. Nəticədə ixrac artıb, bu isə daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olub”.

Ekspert qeyd edib ki, əslində, yerli iqlimə uyğun olan alma, armud kimi məhsulların qiyməti adətən bu qədər yüksək olmur. Lakin hazırkı şəraitdə qiymətlər bazarda formalaşır və burada əsas rol tələb-təklif nisbətinə məxsusdur. İxracın artması isə daxili bazarda məhsulun azalmasına və bahalaşmaya gətirib çıxarır.

Rəcəb Orucovun sözlərinə görə, Azərbaycan bazarına xaricdən, o cümlədən İrandan da müxtəlif meyvələr idxal olunur və bu da bazara müəyyən təsir göstərir. Bununla yanaşı, regionda baş verən siyasi və geosiyasi proseslər də qiymətlərə təsirsiz ötüşmür:

“İranda və digər ölkələrdə yaranan gərginliklər logistik zəncirlərə təsir edir. Bu da idxal-ixrac əməliyyatlarını çətinləşdirir və nəticədə qiymət artımına səbəb olur. Bu təsir yalnız meyvələrdə deyil, digər ərzaq məhsullarında da hiss olunur”.

Ekspert əlavə edib ki, bəzi hallarda bazar iştirakçıları mövcud vəziyyətdən sui-istifadə edərək qiymətləri süni şəkildə artırırlar.

Onun fikrincə, problemin əsas həlli yolu daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılmasıdır:

“Ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli istehsal imkanları genişləndirilməli, özünütəminetmə səviyyəsi artırılmalıdır”.

meyvə.jpeg

Şahanə Rəhimli
Musavat.com

Избранный
19
35
musavat.com

10Источники