RU

Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıda yerləşən universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.

Bakıda yerləşən universitetlər hansı bölgələrə köçürülə bilər? Bəs yeni universitetlər hansı ərazilərdə açılmalıdır?

Redaktor.az-a danışan professor, filologiya elmləri doktoru Vüsalə Ağabəyli qeyd etdi ki, bu məsələ uzun müddətdir müzakirə olunur. Onun fikrincə, hər halda layihə olaraq ciddi şəkildə təhlil aparılıb sonra həyata keçirilməlidir:

"Yəni sırf "universitetlər rayonlara köçürülməlidir deyib" addım atmaq olmaz, hansı universitetin və ya hansı fakultənin köçürülməsi bizə nə verə bilər, bunu düşünərək bu ideyanı həyata keçirmək doğru olar. Əslində, ideya olaraq regionların sosial-iqtisadi inkişafı baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Belə təşəbbüs yalnız təhsil sisteminin deyil, həm də regionların elmi, mədəni və iqtisadi potensialının gücləndirilməsinə, maariflənməyə xidmət edə bilər".

Hansı universitetlərin köçürülə biləcəyi məsələsinə gəldikdə isə, professor hesab edir ki, bu proses daha çox ixtisaslaşmış və struktur baxımından çevik olan ali məktəblərə aid olmalıdır:

"Məsələn, texniki, kənd təsərrüfatı, turizm və ya regional iqtisadiyyatla bağlı profilli universitetlərin müəyyən fakültə və ya kampusları, korpusları regionlara köçürülməsi daha məqsədəuyğun ola bilər. Bu, həm təhsil proqramlarının yerli iqtisadi ehtiyaclarla uyğunlaşmasına, həm də praktiki əməkdaşlığın genişlənməsinə şərait yaradar.
Regionlara gəldikdə isə universitetlərin köçürülməsi üçün hər halda, ilk növbədə inkişaf potensialı yüksək olan və strateji mövqedə yerləşən bölgələr nəzərdən keçirilməlidir. Məsələn, Qarabağ, eyni zamanda Gəncə-Qazax, Şəki-Zaqatala və Lənkəran-Astara regionları ali təhsil infrastrukturu baxımından genişlənmə üçün əlverişlidir. Bu bölgələrdə universitetlərin fəaliyyət göstərməsi yalnız gənclərin paytaxta axınının azalmasına deyil, həm də regionlarda intellektual mühitin formalaşmasına da şərait yaradar. Əksər rayonlarda böyük kitab kafeləri, mağazaları yoxdur, sosial məkanlar azdır. Bu ideya düzgün şəkildə həyata keçirilsə təhsil və mədəni mühit xeyli inkişaf edə bilər".

V. Ağabəyli vurğuladı ki, yeni universitetlərin yaradılması baxımından, xüsusilə son illərdə sürətlə inkişaf edən və bərpa olunan ərazilər diqqət mərkəzində ola bilər:

"Qarabağda yeni ali təhsil müəssisələrinin açılması həm strateji, həm də simvolik əhəmiyyət daşıyır. Bundan əlavə, turizm potensialı yüksək olan Şəki-Zaqatala və Lənkəran-Astara regionlarında da ixtisaslaşmış universitet və ya ali məktəb kampuslarının yaradılması məqsədəuyğun ola bilər və fəaliyyəti də real olaraq praktikaya əsaslanar. Əlbəttə ki, strateji planlama və düzgün hədəfləri nəzərə almaqla, müvafiq universitetlərin regionlara köçürülməsi və yeni ali məktəblərin açılması planlı şəkildə həyata keçirildiyi halda, bu addım ölkədə təhsilin daha balanslı inkişafına, regional bərabərliyin güclənməsinə və gənclər üçün yeni imkanların yaranmasına, iş mühitinin formalaşmasına, regionlarda sosial fəaliyyətin artmasına müsbət mənada şərait yarada bilər".

Aytəkin TOFİQQIZI

Избранный
34
1
redaktor.az

2Источники