RU

Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın xalq rəssamı, professor Arif Hüseynovun "Novruzun naxışları" adlı fərdi sərgisi açılıb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, sərgi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin qalereyasında keçirilib və Tbilisidə rəssamın ilk fərdi sərgisi kimi diqqət çəkib.

Tədbir Novruz bayramı çərçivəsində təşkil olunub və baharın gəlişi, yenilənmə və milli adətlərin təbliği ilə bağlıdır.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi, "Palazzo Mandrili-Azərbaycan-İtaliya" Qalereyası və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə reallaşıb.

A. Hüseynov "Far.Az"un Gürcüstan bürosuna bildirib ki, sərgidə Novruz adətlərini əks etdirən 20 əsər nümayiş olunur. "Sərgi həm milli adət-ənənələrin təbliği, həm də Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir",- o deyib və əlavə edib ki, sərgi 1 ay müddətinə davam edəcək.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışıb və bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl də Gürcüstanın Bolnisi şəhərində yerləşən Bolnisi Muzeyində Arif Hüseynovun "Zamanın ilmələri" layihəsi çərçivəsində hazırladığı əsərlərdən ibarət sərgi təqdim olunub.

Избранный
40
1
far.az

2Источники