RU

“Təmiz Şəhər” rəsmisi: İşğaldan azad olunmuş ərazilərdə məişət tullantıları zərərsizləşdiriləcək VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Dayanıqlı şəhər idarəçiliyində tullantıların idarə olunması çox vacibdir. Bu işdə ictimaiyyətin dəstəyinə böyük ehtiyac var. Bərk məişət tullantılarının düzgün idarə olunmasında ilkin çeşidləmə xüsusi rol oynayır. Media nümayəndələrinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsərrüfat sahələrində məhz həmin prosesi görməsi, onunla bağlı məlumatlı olması daha çox vətəndaşın bununla bağlı informasiya əldə etməsinə və tullantıların düzgün idarə olunmasına töhfə vermiş olacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Təmiz Şəhər” ASC Bakı şəhərində əmələ gələn tullantıların təxminən 1 milyon tona qədərini təsərrüfat sahələrində qəbul edir və müasir üsullarla zərərsizləşdirir: “Həmin təsərrüfat sahələri Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Balaxanı Sənaye Parkı, Balaxanı Şəhər Tullantıları Poliqonudur. İl ərzində 500 min tona qədər tullantı Bakı Bərk Məişət tullantılarının yandırılması zavodunda termik üsulla zərərsizləşdirilir, nəticədə 200 milyon kilovat-saat enerji əldə olunur. Bu da 110 min ev təsərrüfatının enerjiyə olan ehtiyacının ödənilməsi deməkdir. Yəni təxminən Gəncə böyüklükdə şəhərin enerji təminatını məhz həmin zavod həyata keçirir. Eyni zamanda, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda tullantılar çeşidlənərək təkrar emala Balaxanı Sənaye Parkına istiqamətləndirilir. Son 5 ildə təkcə təkrar emala göndərilməsi məqsədilə 29 min 500 ton karton çeşidlənib. Bu da o deməkdir ki, 500 mindən çox ağacın kəsilməsinin qarşısı alınıb. Eyni zamanda, 3 min 700 ton plastik tullantı, pet şüşələr, 2 min 800 ton şüşə tullantılar təkrar emala xammal olaraq qazandırılıb”.

Orxan Cabbarov qeyd edib ki, “Təmiz Şəhər” ASC-nin fəaliyyət istiqamətlərindən biri tibbi tullantıların düzgün idarə olunmasıdır: “2025-ci ilin iyulundan Azərbaycanda tibbi tullantıların düzgün idarə olunması məqsədilə “Təmiz Şəhər” ASC tərəfindən beynəlxalq standartlara cavab verən sterilizasiya məntəqəsi fəaliyyətə başlayıb. Daşınmanı həyata keçirən tərəflərin, şirkətlərin tibbi tullantıları həmin məntəqəyə gətirib təhvil vermələri tövsiyə olunur. Çünki müasir üsullarla məhz həmin məntəqədə beynəlxalq standartlara cavab verən şəkildə zərərsizləşdirmə həyata keçirilir. Saatda 500 kiloqrama qədər tullantılar 130-135 dərəcə temperaturda sterilizasiya olunur və təhlükəsiz tullantılara çevrilir. Təhlükəli tullantılar hesab etdiyimiz B və C kateqoriyalı tullantılar tibb müəssisələrində toplandıqdan sonra onları müxtəlif şirkətlər daşıyır. Daşınma, eyni zamanda, zərərsizləşdirmə standartlara cavab verməlidir. Çünki bu, həm insanların sağlamlığı, həm gələcəklə bağlı hər hansı bir pandemiyaların yaranmaması, həm də şəhər mühitində dayanıqlı sağlamlıq məsələlərinə diqqət yetirmək baxımından çox önəmlidir. Eyni zamanda, nəqliyyat vasitələrinin utilizasiya proqramını icra edirik. 2024-cü ildən bu vaxta qədər 23 min 589 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib və bunun qarşılığında 1273-ə qədər yerli istehsal nəqliyyat vasitəsi proqram çərçivəsində vətəndaşlar tərəfindən əldə olunub. Bir çox istiqamət var ki, onlardan biri “Tullantıdan sənətə” beynəlxalq sərgisidir. Bu da insanların maariflənməsinə xidmət edən istiqamətdir. Dünyanın 46 ölkəsindən 200-ə qədər yaradıcı şəxs “Tullantıdan sənətə” beynəlxalq sərgisinə qoşularaq tullantılara toxunuşları ilə ikinci həyat qazandırırlar və onlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qalada yaradılmış “Tullantıdan sənətə” muzeyində ziyarətçilərə nümayiş etdirilir”.

Şöbə müdiri diqqətə çatdırıb ki, “Təmiz Şəhər” ASC-nin digər fəaliyyət istiqaməti işğaldan azad olunmuş ərazilərdə bərk məişət tullantılarının qəbulu və zərərsizləşdirilməsi prosesidir: “Hazırda məskunlaşma və ərazi planlaşdırılmasına uyğun olaraq poliqon yerləri müəyyənləşdirilir. Orada bərk məişət tullantıları qəbul olunaraq müasir üsullarla zərərsizləşdiriləcək. Həmin istiqamətdə də müasir infrastrukturun yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilər “sıfır emissiya” zonası elan olunduğu üçün Bərk Məişət Tullantılarının düzgün idarə olunması vacib istiqamətlərdən biridir”.

Müxbir – Göyçək Mahmudlu

Fotoqraf – Azər İbrahimov

Videooperator – Şövqi Əzizov

Избранный
32
2
azertag.az

3Источники