ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Pashinyan Gümrüdə çıxış edərək ölkədə “üçüncü inqilab” ideyasını irəli sürüb. Paşinyan bildirib ki, Ermənistan artıq iki siyasi mərhələni keçib və növbəti mərhələ “tarixi-siyasi inqilab” olmalıdır. Onun fikrincə, bu dövr ölkənin uzunmüddətli dövlət strategiyasını formalaşdırmalı və qısamüddətli siyasət modelindən inkişaf yönümlü siyasətə keçməlidir.Paşinyanın “üçüncü inqilab” ideyası Ermənistanın siyasi və iqtisadi inkişafına hansı konkret təsirləri göstərə bilər?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nikol Paşinyanın “üçüncü inqilab” ideyası əsasən Ermənistanda siyasi sistemin və dövlət strategiyasının yenidən qurulması kimi təqdim olunur: “Paşinyan bunu küçə etirazları ilə bağlı klassik inqilab kimi yox, daha çox institusional və ideoloji transformasiya kimi izah edir. Bunun mümkün təsirlərini bir neçə istiqamətdə qiymətləndirmək olar. Paşinyan uzun müddətdir deyir ki, Ermənistan “müharibə və revizionizm siyasətindən” inkişaf və təhlükəsizlik siyasətinə keçməlidir. Bu tezisi nəzərə alsaq “Üçüncü inqilab” əsasən müxtəlif istiqamətlərə səbəb ola bilər:
Regional inteqrasiyanın artırılması (kommunikasiyaların açılması, iqtisadi əlaqələr),Qarabağ mövzusunun daxili siyasətdə dominant rolunun azalması,“Realist dövlət modeli”nin formalaşdırılması.
Əslində, bu formada yanaşma iqtisadi inkişaf üçün daha stabil mühit yarada bilər.
İkincisi; iqtisadi modelin modernləşdirilməsidir ki, Paşinyanın komandasının bəzi tezislərinə görə üçüncü mərhələ texnologiya və innovasiya iqtisadiyyatına keçidi, köhnə oliqarx sisteminin qalıqlarının zəiflədilməsini, dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasını təmin edəcək. Əgər sadalananlar real islahatlarla müşayiət olunarsa, ölkəyə xarici investisiyaları artıra və diaspora kapitalını cəlb edə, həmçinin iqtisadiyyatın şaxələnməsini sürətləndirə bilər”.
Anar İsayev
Anar İsayev qeyd edib ki, Paşinyanın nəzərdə tutduğu "Üçüncü inqilab” həm də Ermənistanın geosiyasi balansını dəyişə bilər: “Ermənistanın Rusiyadan asılılığının azalması, Avropa və Qərb strukturları ilə yaxınlaşma, regionda daha praqmatik siyasət aparıla bilər. Bu kurs artıq son illərdə hiss olunur. Bu ideya Ermənistanın daxili siyasi balansına da təsirsiz ötüşməyəcək.Belə ki, köhnə elita ilə yeni siyasi xətt arasında toqquşma yarana bilər. Paşinyanın bu ideyası faktiki olaraq keçmiş hakimiyyət elitasının siyasi ideologiyasını - “Böyük Ermənistan” və ya revizionist siyasəti tənqid edir. Bu isə Koçaryan–Sarkisyan düşərgəsi ilə qarşıdurmanı dərinləşdirə bilər. Cəmiyyətdə ideoloji parçalanma yarada bilər.Bilirsiniz ki,Ermənistan cəmiyyətində iki əsas düşərgə var:
Realistlər (regional sülh,iqtisadi inkişaf,sərhədlərin tanınması tərəfdarları) və revizionistlər (Qarabağ məsələsinin davam etdirilməsi,Türkiyə və Azərbaycana qarşı sərt xətt tərəfdarları).
“Üçüncü inqilab” bu ideoloji qarşıdurmanı daha da açıq edə bilər.
Həmçinin qeyd edim ki, "üçüncü inqilab" ideyası Paşinyan hakimiyyətinin möhkəmləndirilməsi cəhdi kimi də dəyərləndirilə bilər. Öz siyasi legitimliyini yeniləmək, seçkilər öncəsi ideoloji gündəm yaratmaq, hakim komandanın ətrafında yeni konsolidasiya qurmaq məqsədi də daşıya bilər. Yəni bu, həm də siyasi mobilizasiya alətidir. Ancaq bu ideyanın müsbət tərəfləri olduğu kimi, riskləri də yox deyil. Daxili siyasi qarşıdurmanın artması, millətçi qüvvələrin etirazları, ordu və təhlükəsizlik elitasında narazılıq, Rusiyanın siyasi təzyiqi kimi riskləri gözardı etmək olmaz”.
Politoloq bildirib ki, Paşinyanın “Üçüncü inqilabı” əslində Ermənistanın ideoloji transformasiyası layihəsidir - münaqişə yönümlü siyasətdən inkişaf və dövlət quruculuğuna keçid: “Bu layihənin uğuru həm daxili siyasi müqavimətdən, həm də regional proseslərdən asılı olacaq”.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.