Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Abşeron rayonunda 47 yaşlı kişi anasına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 12-də rayonun Saray qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Mahir həmin gün saat 15 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi yaşayış evində anası Xalidə (adlar şərtidir – red.) ilə mübahisə edib. Mahir anasının televizorda onun izləmək istəmədiyi proqrama yüksək səslə baxmasına görə irad bildirib. Tərəflər arasında həmin səbəbdən ailə məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. Oğul həmin mübahisə əsnasında anasının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun sifət, qulaq, baş nahiyyələrinə ardıcıl vurub. Faktla bağlı Mahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də oğlu tərəfindən şiddət görən qadın onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Qeyd edək ki, Mahir bundan əvvəldə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2026-cı il tarixli arayışına görə, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib, 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 3 ay 1 gün vaxtından əvvəl şərti azad olunub. Növbəti dəfə o, Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.