RU

Rusiya niyə İranın yanmasını sakitcə seyr edir?

Ekspertlər hesab edirlər ki, Kremlin İrana birbaşa müdaxilə etməməsi onun məhdud imkanları ilə yanaşı, münaqişədən əldə etdiyi strateji və iqtisadi üstünlüklərlə də bağlıdır...

Kreml Yaxın Şərqdəki ən yaxın tərəfdaşlarından biri olan İrana kömək etməyə tələsmir.

Poliqon xəbər verir ki, bu barədə Foreign Affairs jurnalında dərc olunan məqalədə Karnegi Rusiya və Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev, Sciences Po Siyasi Araşdırmalar İnstitutunun dosenti Nikol Qrayevski və Berlin Karnegi Mərkəzinin Rusiya və Avrasiya üzrə baş tədqiqatçısı Sergey Vakulenko yazırlar.

Müəlliflərin fikrincə, Kremlin İrandakı hadisələrə faktiki olaraq müdaxilə etməməsi artıq tanış olan bir modelə uyğundur: Rusiyanın tərəfdaşları köməyə ehtiyac duyanda Moskva sərt bəyanatlar verir, lakin bununla kifayətlənir.

2023-cü ilin sonunda Rusiya müqavilə üzrə müttəfiqi olan Ermənistan ilə Azərbaycan arasında baş verən müharibəyə müdaxilə etmədi. Bir il sonra isə Moskva Dəməşqdə Bəşər Əsəd rejiminin üsyançı qüvvələr tərəfindən devrilməsinin qarşısını almadı.

Son bir il ərzində ABŞ İsraillə birlikdə İranın nüvə obyektlərini, hərbi bazalarını və raket zavodlarını bombalayıb, yüksək vəzifəli iranlı rəsmiləri, hərbi komandirləri və nüvə alimlərini öldürüb. Həmçinin Moskvanın Latın Amerikasında əsas tərəfdaşlarından biri sayılan Venesuela prezidenti Nikolas Maduro ABŞ qüvvələri tərəfindən ələ keçirilib. Bu hadisələrin heç birində Rusiya ciddi şəkildə müdaxilə etməyib.

Bu nümunələrin hamısı Rusiyanın qlobal proseslərə təsir imkanlarının məhdudluğunu göstərir.

Bununla belə, İranda davam edən müharibə Rusiyaya müəyyən gözlənilməz faydalar da gətirə bilər. Münaqişə uzandıqca enerji daşıyıcılarının qiymətlərinin artması ehtimalı yüksəlir ki, bu da Moskvaya əlavə gəlir əldə etməyə və artan büdcə kəsiri ilə mübarizə aparmağa kömək edə bilər.

Cümə axşamı ABŞ Maliyyə Nazirliyi qiymət artımını cilovlamaq məqsədilə dənizdə olan Rusiya neftinə tətbiq edilən sanksiyaları müvəqqəti olaraq yumşaltdığını elan edib.

Eyni zamanda Çin Yaxın Şərqdən enerji təchizatının uzunmüddətli sabitliyi ilə bağlı narahatdır. Bu səbəbdən Pekin Rusiya nefti və qazına daha çox ehtiyac duya bilər.

Bundan başqa, İran ətrafındakı müharibə ABŞ üçün diqqəti yayındıran əlavə bir böhran yaradır. Bu münaqişə Vaşinqtonun resurslarını və imkanlarını məşğul edir və ABŞ-nin həmin resursları Avropadakı müttəfiqlərinə və Ukraynaya yönəltməsini çətinləşdirə bilər.

Beləliklə, Rusiya bəlkə də öz tərəfdaşlarını birbaşa müdafiə etmək gücündə deyil. Lakin Moskva strateji uğursuzluqlara uyğunlaşmaq və onlardan taktiki üstünlüklər əldə etmək bacarığını hələ də qoruyub saxlayır.

Poliqon.info

Избранный
47
poliqon.info

1Источники