RU

Dron səsləri təşviş yaratsa da, qurumların susqunluğu suallar doğurur » AzadMedia.az


Gecə saatlarında Bakıda eşidilən dron səsləri paytaxt sakinləri arasında narahatlıq və təşvişə səbəb olub. Sosial şəbəkələrdə çoxsaylı vətəndaşlar eşitdikləri səslərin mənbəyini soruşur, lakin məsələ ilə bağlı rəsmi qurumlardan operativ və aydın məlumatın verilməməsi suallar doğurur.
Məsələ ondadır ki, adətən belə hallarda Müdafiə Nazirliyi əvvəlcədən məlumat yayaraq bildirir ki, müəyyən poliqonlarda silah və sursatın utilizasiyası həyata keçiriləcək və əhalinin narahat olmasına əsas yoxdur. Adətən bu cür xəbərdarlıqlar təxminən 2-3 gün əvvəl ictimaiyyətə çatdırılır. Lakin bu dəfə əvvəlcədən heç bir rəsmi məlumat verilməyib. Bu isə xüsusilə həssas dövrdə “niyə əhali qabaqcadan məlumatlandırılmadı?” sualını gündəmə gətirir.
Belə hallarda ictimaiyyətin vaxtında və dəqiq məlumatlandırılması vacib hesab olunur.
Hadisələrə operativ reaksiya verilməsi baxımından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi modelindən istifadə etmək daha effektiv ola bilər. Nazirliyin mətbuat xidməti, xüsusilə də sözçü Elşad Hacıyev mediaya açıq və operativ kommunikasiya ilə seçilir. Jurnalistlərin daxil olduğu “WhatsApp” qruplarında hər hansı hadisə ilə bağlı sorğu göndərildikdə, mümkün qədər qısa müddətdə məlumatın dəqiqləşdirilməsi üçün çağırışlar edilir və bu, informasiya boşluğunun yaranmasının qarşısını alır.
Operativlik mövzusu digər qurumlarla bağlı da suallar yaradır. Məsələn, martın 4-də TƏBİB-in media sorğuları üçün təqdim etdiyi nömrəyə aktual bir məsələ ilə bağlı sorğu göndərildiyi halda, hələ də cavab verilməyib. Bir ay ərzində sadə bir media sorğusunun cavabsız qalması isə ictimaiyyətlə kommunikasiyanın səmərəliliyi barədə suallar doğurur.
Dövlət qurumlarının media və ictimaiyyətlə əlaqələri yalnız böhran anlarında deyil, gündəlik fəaliyyətin ayrılmaz hissəsi olmalıdır. Əks halda, informasiya boşluğu yaranır və bu boşluğu fərziyyələr və narahatlıq doldurur.
Digər tərəfdən, bəzi qurumlar mediadan xahiş edir ki, problemlər dərhal ictimailəşdirilməsin və əvvəlcə birbaşa əlaqə vasitələri — məsələn, “WhatsApp” üzərindən müraciət edilsin. Lakin göndərilən sorğular uzun müddət cavabsız qalanda bu yanaşma da effektiv olmur.
Nəticədə isə ən çox zərər çəkən tərəf ictimaiyyət olur: insanlar baş verən hadisələr barədə vaxtında və dəqiq məlumat ala bilmədikdə narahatlıq artır və rəsmi kommunikasiya sisteminə etimad zəifləyir.
Elnurə Abuşova
Избранный
51
1
azadmedia.az

2Источники