Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının keçiriləcəyi tarix və saat bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşma aprelin 30-da “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.
Xatırladaq ki, “Neftçi” – “Qarabağ” matçı bu il fevralın 21-də keçirilməli idi. Amma Ağdam klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşmalı olduğu İngiltərənin “Nyukasl” komandası ilə oyuna daha yaxşı hazırlaşmaq üçün Azərbaycan derbisinin başqa tarixə keçirilməsini xahiş etmişdi. “Neftçi”nin razılığı və PFL-in rəsmi qərarı nəticəsində görüş qeyri-müəyyən vaxta təxirə salınmışdı.
Hazırda Azərbaycan Premyer Liqasında 22 oyuna 49 xal toplamış Ağdam təmsilçisi yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi isə 31 xalla 7-cidir.
