
ABŞ rəhbərliyinin İraqda hücumlar altında qalan heyətini ölkədən çıxarmaqda ciddi problemlərlə üzləşdiyi iddia edilib.
AFN.az xəbər verir ki, "ABC" telekanalının yaydığı məlumata görə, Dövlət Departamentinin İraqdakı qeyri-vacib heyətinə ölkəni tərk etmək əmri verməsindən 10 gün keçməsinə baxmayaraq, təxliyə prosesini tamamlamaq mümkün olmayıb.
Telekanala danışan ABŞ rəsmi nümayəndəsi Yaxın Şərqdəki personala ölkəni tərk etmək üçün çox az vaxt verildiyini və İraqdakı vəziyyətin gözləniləndən daha sürətlə pisləşdiyini bildirib. Mənbə qeyd edib ki, Bağdaddakı səfirlik əməkdaşlarının təxliyəsi üçün planlaşdırılan uçuşlar təhlükəsizlik səbəbindən dəfələrlə təxirə salınıb.
Digər tərəfdən, Ərbildəki ABŞ Konsulluğunda çalışan heyətin İranın hücumu zamanı sığınacaqlara girmək məcburiyyətində qaldığı və günün sonunda İngiltərə Kral Hərbi Hava Qüvvələri tərəfindən ölkədən çıxarıldığı məlum olub. Britaniya Müdafiə Nazirliyi bu xəbəri təsdiqləyərək, ABŞ-ın xahişi ilə konsulluq əməkdaşlarının İraqdan Cənubi Kiprə aparıldığını bildirib.
Bununla yanaşı, başqa bir rəsmi mənbə Bağdaddakı diplomatik dəstək mərkəzinin 11 mart tarixində İranın pilotsuz uçuş aparatları ilə vurulduğunu, hadisə zamanı 3 mühafizəçinin yaralandığını və binaya ciddi ziyan dəydiyini təsdiqləyib. Bildirilib ki, Donald Tramp administrasiyası ABŞ-ın bölgədəki maraqlarının qorunması məqsədilə İraqa edilən çağırışlara lazımi səviyyədə əməl olunmamasından dərin məyusluq duyur.