RU

“Meydan TV”nin baş redaktoru məhkəmədə ifadə verdi

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Meydan TV” və “Bakı Jurnalistika Məktəbi” ilə bağlı cinayət işi üzrə həbsdə olan 12 nəfərin məhkəməsi davam edir.

Bizimyol.info xəbər verir ki, martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Qəhrəmanlı vəsatət qaldıraraq, müalicə müəssisəsinə köçürülməsini istəyib. O bildirib ki, 54 gündür aclıq aksiyası keçirir və səhhətində problemlər var. Bu səbəbdən də istintaq təcridxanasında kamera şəraitində qalması vəziyyətinin ağırlaşmasına səbəb olur.

Hakim bildirib ki, onun müayinə və müalicəsi ilə əlaqədar penitensiar müəssisəyə məktub göndəriləcək.

Daha sonra təqsirləndirilən şəxslərdən “Meydan TV”nin baş redaktoru Aynur Qənbərova və “Bakı Jurnalistika Məktəbi”nin direktor müavini Ülvi Tahirov ifadə verib.

Jurnalistikada daha çox Aynur Elgünəş kimi tanınan Aynur Qənbərova ifadəsində bildirib ki, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, saxta sənədlərdən istifadə və s. ittihamların heç birini qəbul etmir. O, peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Aynur Elgünəş 28 il jurnalistika sahəsində fəaliyyət göstərdiyini və bu müddətdə başına gələnlərə görə peşman olmadığını da dilə gətirib.

“Bakı Jurnalistika Məktəbi”nin direktor müavini Ülvi Tahirov da özünü təqsirli bilmədiyini söyləyib. O vurğulayıb ki, bu məktəb maarifləndirmə işi, jurnalistlərin peşəkar bacarıqlarının artırılması ilə məşğul olub. Bu məqsədlə orada gənc jurnalistlər üçün təlimlər keçirilib.

“Bakı Jurnalistika Məktəbi” Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Ülvi Tahirov ifadəsində bildirib ki, 8 dəfə qeydiyyat üçün müraciət ediblər, lakin imtina cavabı alıblar.

Məhkəmə prosesi aprelin 3-də davam edəcək. Növbəti prosesdə digər təqsirləndirilən şəxslər ifadə verəcəklər.

Qeyd edək ki, “Meydan TV” və “Bakı Jurnalistika Məktəbi” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər arasında Aynur Elgünəş, Şəmşad Ağa, Natiq Cavadlı, fotojurnalist Əhməd Muxtar və digərləri var. Onlara qarşı 192.3.2 (qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (saxta sənədlər hazırlama və ya istifadə etmə) və s. maddələri ilə ittihamlar irəli sürülüb. Jurnalistlər xaricdən qaçaqmal yolu ilə valyuta gətirməkdə ittiham olunurlar.

Onlar ittihamları qəbul etmirlər.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
64
bizimyol.info

1Источники