ain.az, Ayna saytına istinadən bildirir.
"Qanunsuz hərəkətlərə son qoyulmasını tələb edirik; Ermənistanda siyasi məhbus olmamalıdır"
“Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanın tərəfdarları İrəvanda Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, etirazçılar Baş nazir Nikol Paşinyanın ədalətsizliyə son qoymasını tələb ediblər.
Etirazçılar "Qanunsuz hərəkətlərə son qoyulmasını tələb edirik; Ermənistanda siyasi məhbus olmamalıdır" şüarları səsləndiriblər.
Onlar hökumət nümayəndəsinin Paşinyana telefonu vermək üçün irəli çıxmasını tələb ediblər. Etirazçıların hərəkətlərinə Ermənistan Baş nazirinin son açıqlaması səbəb olub. O Samvel Karapetyana seçicilərlə əlaqə saxlamaqda çətinlik çəkdiyi təqdirdə telefon verə biləcəyini bildirib.
Qeyd edək ki, Karapetyan ev dustaqlığındadır. Onun ictimaiyyət qarşısında çıxışlarına qoyulan məhdudiyyətlər yanvar ayında qaldırılıb.
“Güclü Ermənistan”ın nümayəndəsi Artur Mikaelyan qeyd edib ki, ölkədə heç nə qanunla və ya Konstitusiya ilə müəyyən edilmir; hər şey yalnız Paşinyana bağlıdır.
"Ermənistan siyasi məhbuslarla doludur, çoxları ev dustaqlığındadır. Bütün bunlar bir şeyi göstərir: Baş nazir yalnız öz qorxuları ilə idarə edir. Və vəzifəsini itirməkdən qorxaraq insanları söz azadlığından məhrum edir", - deyə o bildirib.
Etirazçılarla görüşə hökumət binasından heç kim çıxmayıb. Narazılar Paşinyana telefon ötürməyə çalışıblar, lakin polis onlara yalnız məktubların qəbul edildiyini bildirib. Mikaelyan telefonu hökumət binasının qəbul otağının qarşısında qoyub.
Qeyd edək ki, erməni iş adamı S.Karapetyan 2025-ci ilin iyun ayında ruhanilər və hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədiyinə görə həbs edilib. Karapetyan özü ittihamları rədd edərək hökumətin hərəkətlərini siyasi təzyiq adlandırıb. Kilsəni dəstəkləyən açıqlamasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada ruhanilər və xeyriyyəçilər haqqında bir sıra təhqiramiz şərhlər paylaşıb və bu, geniş ictimai etirazlara səbəb olub.
Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri ilə yeni ittihamlar irəli sürülüb: "vəzifə səlahiyyətlərdən və ya onlara əsaslanan təsirdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması". 2025-ci ilin dekabr ayının sonlarında o ev dustaqlığına buraxılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.