ABŞ Xəzinədarlığının 12 martdan əvvəl gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışına qoyulmuş sanksiyaları ləğv etməsindən bir neçə saat sonra dünyanın hər yerindən alıcılar Rusiya enerjisi üçün növbəyə düzülüblər.
Ölkə.Az-ın CNBC-yə istinadən məlumatına görə, Rusiya nefti artıq izdihamı cəlb edir. Tayland hökuməti Rusiya neftinin alınması ilə bağlı danışıqlara hazır olduğunu, Yaponiya bu imkanı nəzərdən keçirdiyini və Hindistanın da ABŞ məhdudiyyətlərinin yumşaldılmasından yararlanmağa hazır olduğunu açıqlayıb.
Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev ABŞ-ın neft sanksiyalarının yumşaldılmasının təxminən 100 milyon barel Rusiya neftinə təsir edəcəyini açıqlayıb. O, ABŞ-nin Rusiya nefti olmadan qlobal bazarın sabit qala bilməyəcəyini faktiki olaraq etiraf etdiyini bildirib. Həmçinin qeyd edib ki, artan enerji böhranı fonunda, Aİ bürokratiyasındakı bəzi şəxslərin müqavimətinə baxmayaraq, Rusiya enerji ehtiyatlarına qoyulan məhdudiyyətlərin daha da yumşaldılması getdikcə qaçılmaz görünür.