RU

Uşaqların formalaşmasında ailənin rolu müzakirə olunub - VİDEO

“İki Sahil TV”də yayımlanan “Bir uşaq, bir dünya” verilişinin növbəti buraxılışı “Uşaqların formalaşmasında ailənin rolu” mövzusuna həsr edilib. Verilişin aparıcısı, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva, qonaq qismində isə “Sabaha Ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, pedaqoq Nərminə Cəfərova iştirak edib.

QHT.az xəbər verir ki, verilişdə çıxış edən Könül Quliyeva bildirib ki, hər bir ölkənin gələcək inkişafı və tərəqqisi böyüməkdə olan gənc nəslin formalaşmasından asılıdır. Onun sözlərinə görə, gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin inkişafının əsas göstəricilərindən biridir. İnsan hansı mühitdə böyüyürsə, həmin mühitdə qazandığı dəyərləri və davranışları gələcək həyatında da nümayiş etdirir.

K.Quliyeva qeyd edib ki, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi mühüm məsələlərdən biri hesab olunur və dövlət tərəfindən bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər uşaqlarda və gənclərdə vətənpərvərlik ruhunun və sağlam düşüncənin formalaşmasına müsbət təsir göstərir.

Verilişdə çıxış edən “Sabaha Ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, pedaqoq Nərminə Cəfərova isə uşaqların inkişafında erkən yaş dövrünün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, insan beyninin təxminən 90 faizi 6 yaşa qədər olan dövrdə formalaşır və bu mərhələdə ailənin rolu olduqca böyükdür.

"Uşağın həyatının ilk illərində valideynlərin münasibəti və yaratdığı mühit onun gələcək psixoloji inkişafına birbaşa təsir edir. 3 yaşa qədər olan dövrdə uşaqlarda güvən hissi formalaşır və insan doğulduqdan qısa müddət sonra özünü güvəndə hiss etməyə ehtiyac duyur. İnsan həyatının ən böyük sərmayəsi məhz güvəndir və hər bir insanın güvənə biləcəyi bir şəxsin olması onun inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

 

Pərvanə Fərhadqızı

Избранный
11
qht.az

1Источники