ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan nümayəndə heyətinin Türkiyəyə səfəri regionda normallaşma prosesinin və nəqliyyat layihələrinin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Bəs bu səfər Zəngəzur dəhlizinin açılması və regional nəqliyyat kommunikasiyalarının bərpasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni geosiyasi reallıq formalaşıb.

“Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi təkcə təhlükəsizlik baxımından deyil, həm də nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Bu fonda Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi də daha geniş vüsət almağa başlayıb. İki ölkə arasında münasibətlərin bərpası istiqamətində təyin olunmuş xüsusi nümayəndələrin görüşləri, qarşılıqlı səfərlər və təmaslar iqtisadi əlaqələrin qurulmasına xidmət edir. Bu proses eyni zamanda regionda sülh siyasətinə müsbət təsir göstərir. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesində qardaş
Türkiyə Azərbaycanın maraqlarını nəzərə alır. Azərbaycanın irəli sürdüyü tələblər, niyyətlər və gözləntilər diqqətlə araşdırılır və Ermənistanla təmaslar da məhz bu çərçivədə həyata keçirilir”, – deyə o, bildirib.
İlyas Hüseynov əlavə edib ki, bölgədə müsbət dinamika müşahidə olunur və nəqliyyat əlaqələrinin bərpası istiqamətində də müəyyən addımlar atılır.
“Xüsusilə hava nəqliyyatının bərpası və gələcəkdə TRİP marşrutunun açılması istiqamətində görülən işlər nəticə verdikcə regionda daha geniş inteqrasiya və əməkdaşlıq imkanları yaranacaq. Bu proseslərin davam etməsi gələcəkdə regional nəqliyyat layihələrinin, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslərin reallaşmasına da müsbət təsir göstərə bilər”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.