RU

Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi baza mövcuddur - RƏY

Son illər beynəlxalq təşkilatların müxtəlif hesabatlarında Azərbaycanla bağlı irəli sürülən bəzi iddialar ölkə ictimaiyyəti və rəsmi qurumlar tərəfindən birmənalı qarşılanmır. Xüsusilə, media sahəsi ilə bağlı hazırlanan sənədlərdə yer alan bəzi yanaşmaların obyektivlikdən uzaq olduğu, ölkədə həyata keçirilən islahatların və qanunvericilik dəyişikliklərinin mahiyyətinin düzgün qiymətləndirilmədiyi tez-tez vurğulanır. Bu baxımdan, bəzi beynəlxalq strukturların mövqeyinin siyasi və qərəzli xarakter daşıdığı barədə fikirlər səsləndirilir. Avropa Şurası tərəfindən jurnalistlərin təhlükəsizliyi və media azadlığı ilə bağlı yayımlanan hesabatda Azərbaycanla bağlı yer alan bəzi məqamlar da reallığı əks etdirməyən və birtərəfli yanaşma kimi qiymətləndirilib. Bu iddialara münasibət bildirən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi isə yayımladığı açıqlamada hesabatdakı fikirlərin qərəzli olduğunu qeyd edərək, ölkədə media mühitinin inkişafı istiqamətində həyata keçirilən islahatların məqsədinin sağlam və məsuliyyətli informasiya mühitinin formalaşdırılması olduğunu vurğulayıb. Qeyd olunur ki, Azərbaycanda qəbul edilən qanunvericilik dəyişiklikləri söz və mətbuat azadlığını məhdudlaşdırmaq deyil, əksinə, milli informasiya məkanını qorumaq, peşəkar jurnalistikanı dəstəkləmək və cəmiyyətdə etibarlı media institutunun formalaşmasına xidmət edir. Bu səbəbdən bəzi beynəlxalq hesabatlarda səsləndirilən iddialar ölkədə aparılan real prosesləri tam əks etdirmir və obyektiv yanaşmadan uzaq görünür.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib ki, Avropa Şurasında Azərbaycana yönəlik qərəzli münasibətlərin sergilənməsi birinci dəfə deyil.

 

 

Deputat xatırladıb ki, bundan əvvəlki dönəmlərdə də müxtəlif məsələlərlə bağlı Azərbaycan əleyhinə qərəzli hesabatlar dərc olunub.

 

O bildirib ki, növbəti belə bir münasibət Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda öz əksini tapıb: “Azərbaycanda media mühiti ilə bağlı birtərəfli, qərəzli mövqe sərgilənib. Bu heç bir halda qəbul ediləcək mövqe deyil. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bununla bağlı bəyanat yayaraq mövqeyini açıqlayıb. Hesabatda Azərbaycanda jurnalistikanın vəziyyəti ilə bağlı heç də reallığa uyğun olmayan məsələlər əksini tapıb. Azərbaycanda media ilə bağlı qəbul edilmiş son qanunda guya jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdıran nüansların olması ilə bağlı deyilənlər, həmçinin jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslərin fikir azadlığının olmaması və bu kimi qərəzli informasiyaların hesabatda əks olunması qətiyyən qəbul edilə bilməz. Avropa Şurasının hesabatı Azərbaycanın daxili işlərinə qarışmaq, qanunvericilikdə mövcud beynəlxalq hüquqa uyğun prinsiplərin qaralanması, fərqli prizmadan təqdimatı birmənalı olaraq ölkəmizə yanaşmada qərəzliliyin nümunəsidir”.

 

1news.az saytının baş redaktoru Kəmalə Məmmədova isə bildirib ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının 2025-ci il üzrə hesabatında Azərbaycana dair yer alan iddialar növbəti dəfə bəzi beynəlxalq strukturların region ölkələrində media mühitini qiymətləndirərkən obyektivlikdən çox siyasi yanaşmaya üstünlük verdiklərini göstərir:

 

Kəmalə

 

“Hesabatda “Media haqqında” qanuna edilmiş dəyişikliklərin tənqid olunması reallığı əks etdirmir. Əslində, bu dəyişikliklər ölkənin informasiya məkanında şəffaflığın artırılması, saxta media resurslarının qarşısının alınması və peşəkar jurnalistikanın qorunması məqsədi daşıyır. Bu cür tənzimləmə mexanizmləri dünyanın bir çox ölkələrində mövcuddur və onları avtomatik olaraq “media azadlığına təzyiq” kimi təqdim etmək açıq şəkildə manipulyativ yanaşmadır. Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi baza mövcuddur və ifadə azadlığı Konstitusiya ilə təmin olunur. Praktikada da media nümayəndələrinin müxtəlif mövzulara müraciət etmələri və ictimai əhəmiyyətli məsələləri gündəmə gətirmələri üçün imkanlar var. Əsas məsələ bu imkanların peşəkar jurnalistika prinsipləri və məsuliyyət çərçivəsində istifadə olunmasıdır. Eyni zamanda, diqqət çəkən məqamlardan biri də hesabatda konkret hüquqi işlərin kontekstdən çıxarılaraq “jurnalistlərin təqibi” kimi təqdim edilməsidir. Halbuki həmin işlərin materialları göstərir ki, söhbət peşə fəaliyyətindən deyil, qanunvericiliyin pozulması ilə bağlı hüquqi prosedurlardan gedir. Ümumiyyətlə, belə hesabatların hazırlanması zamanı rəsmi mövqelərin və real hüquqi kontekstin nəzərə alınmaması artıq sistemli problemə çevrilib. Nəticədə obyektiv monitorinq aparmaq əvəzinə, bəzi beynəlxalq platformalar siyasi gündəmin formalaşdırılmasına xidmət edən sənədlər təqdim edirlər. Media ilə bağlı müzakirələr, şübhəsiz ki, vacibdir. Lakin bu müzakirələr faktlara deyil, ehtimallara və selektiv məlumatlara əsaslananda onların həm analitik, həm də institusional etibarlılığı ciddi şəkildə sual altına düşür”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd

Tarix: 13 Mart 2026, 14:54   
Избранный
48
pravda.az

1Источники