Bakı, 13 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Gömrük Komitəsi və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə mövzusuna həsr olunan təlim təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən tədbirdə Agentliyin və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, eləcə də Akademiyanın əməkdaşları, İctimai Birliyin nümayəndələri və Komitənin ərazi və ixtisaslaşmış struktur bölmələrinin işçiləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində qurbanların hüquqlarının müdafiəsindən danışılıb. Həmçinin müxtəlif xidmətlər göstərməyə məcbur edilmə və insanların istismar edilməsinin digər formaları barədə məlumatlar verilib. İnsan alverinin gender xüsusiyyətləri, uşaqlara xas aspektləri, eləcə də bu sahədə preventiv hazırlığın gücləndirilməsindən bəhs edilib.
Təqdimatlarda insan alverinə qarşı mübarizənin əhəmiyyətinə, bu istiqamətdə ölkəmizdə görülən işlərə, eləcə də gömrük əməkdaşlarının bu mövzuda maarifləndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.
Sonra müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.