RU

Gömrük orqanlarının ötən il dövriyyədən çıxardığı narkotikin həcmi 2024-cü illə müqayisədə 5 dəfə çox olub

Gömrük orqanlarının 2025-ci ildə dövriyyədən çıxardığı narkotikin həcmi 2024-cü illə müqayisədə 5 dəfəyə qədər çox olub.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il ərzində gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində 97 fakt üzrə aşkar olunmuş ümumilikdə 1 ton 824 kq 453 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları (o cümlədən 39 kq 315 qram marixuana və 1 490 həb metadon) qanunsuz dövriyyədən çıxarılıb.Bu göstərici 2024-cü illə müqayisədə 4,8 dəfə çoxdur

Hesabat ilində gömrük orqanları tərəfindən aşkar olunmuş 35,9 min gömrük qaydaları əleyhinə inzibati xəta faktı üzrə 2,9 min hüquqi şəxs və 33 min fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub.

İnzibati məsuliyyətə cəlb edilən hüquqi şəxslərin 1,4 mini, fiziki şəxslərin isə 9,9 mini xarici şəxslər olub.

Bu şəxslərə qarşı ümumilikdə 2 milyon 945,9 min manat məbləğində cərimə tətbiq edilib. Qanuni qüvvəyə minmiş qərarların icrası üzrə 2 milyon 715,3 min manat vəsaitin ödənilməsi təmin olunub.

Bundan əlavə, dövr ərzində dəyəri 252,9 min manat olan mallar məhkəmə orqanlarının qərarı ilə müsadirə edilib.

Hesabat dövründə gömrük orqanları tərəfindən aksiz markası və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 3 milyon 470 min manat dəyərində 41,8 min ədəd (2024-cü illə müqayisədə 5,7 dəfə çox) xaricdə istehsal olunan siqaretlər, 93,2 min manat dəyərində 1 440 litr spirtli içkilər, 131,2 min manat dəyərində 91,8 min litr energetik içkilər və s. aşkar edilərək götürülüb.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən valyuta və valyuta sərvətlərinin ölkənin gömrük sərhədindən keçirilməsi zamanı qanunvericiliyin tələblərini pozan şəxslərdən 643,4 min ABŞ dolları, 11 milyon 193 min Rusiya rublu, 100 min funt-sterlinq, 105 min İsveçrə frankı, 21,7 min avro, 14,5 min Türk lirəsi, habelə 3 milyon 304,5 min manat dəyərində 17 kq 4 qram qızıl zinət əşyaları və külçələr, 13,4 min manat dəyərində 356 ədəd 278,59 qram gümüş zinət əşyaları və gümüş əşyalar, 1 milyon 157,3 min manat dəyərində qiymətli daşlar aşkar olunub.

Избранный
6
1
apa.az

2Источники